"Delimitasiya üzrə razılıqlar bizi sülhə yaxınlaşdıra bilər" - AÇIQLAMA

 16:00 28.10.2024     237

Xəbər verildiyi kimi, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Prezidenti Vaaqn Xaçaturyan dövlətlərarası sərhədin delimitasiyası üzrə dövlət komissiyalarının birgə fəaliyyətinə dair Əsasnaməni təsdiq ediblər.

Məsələ ilə bağlı Redaktor.az-a danışan politoloq Abutalıb Səmədov bildirdi ki, reqlamentin konstitusiyaya uyğunluğu barədə Ermənistan Konstitusiya Məhkəməsinin rəy verməsi Ermənistanda çox ciddi narazılığa səbəb olub.

"Azərbaycan və Ermənistan parlamenti eyni zamanda delimitasiya komissiyasının reqlamentini təsdiq etdilər və Prezidentlər də bu qanunu imzaladılar. Bu, Ermənistanda çox ciddi narazılığa səbəb oldu. Çünki Konstitusiya Məhkəməsi belə bir iddia ortaya qoydu ki, Ermənistan Konstitusiyası yalnız yazılanlardan ibarətdir, müstəqillik haqqında bəyannamənin müddəalarının Konstitusiya ilə heç bir əlaqəsi yoxdur. Yəni bununla da Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını guya götürmüş oldu. Amma Ermənistan Konstitusiya Məhkəməsi Konstitusiyanın yalnız orada yazılanlardan ibarət olduğunu deyirsə, artıq müstəqillik haqqında bəyannamənin, orada Qarabağın Ermənistana birləşməsi haqqında bundan əvvəl qəbul olunmuş qərara edilən istinadın da heç bir əhəmiyyəti qalmır. Bu, təbii ki, mühüm addımdır və Azərbaycan bunu nəzərə ala bilər".

Ukraynadan sonra növbə Ermənistana çatacaq: Sülh İrəvana hava-su kimi  lazımdır

Politoloqun sözlərinə görə, delimitasiya işlərinin aparılması bundan sonra daha da sürətləndiriləcək.

"Delimitasiya işləri bundan sonra da, yəqin ki, bir az da sürətləndiriləcək. Çünki reqlament qəbul olundu, delimitasiyanın necə aparılması barədə məsələlər aydınlaşdırıldı və mən hesab edirəm ki, bu, kifayət qədər mühüm addımdır. Bu, müəyyən mənada Ermənistanın Azərbaycanın haqlı tələblərini nəzərə almasıdır. Ümid edək ki, bu, sülh sazişinin imzalanmasına da öz töhfəsini verəcək. Hər şey Azərbaycan hakimiyyətinin bu addımlara göstərəcəyi münasibətdən asılıdır və Kazanda baş tutan danışıqlar, xarici işlər nazirlərinə verilən tapşırıqlar da bu istiqamətdə təbiidir ki, ümidlərimizi xeyli artırmışdır", - deyə A.Səmədov bildirdi.

Xatırladaq ki, Azərbaycanla Ermənistan delimitasiya və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyaların birgə fəaliyyəti haqqında Əsasnaməni 2024-cü il avqustun 30-da imzalayıblar.

Türkan İSGƏNDƏRLİ