"İran hakimiyyəti İsrailə qarşı savaşa Türkiyənin də qatılmasına cəhd edir" - ŞƏRH
İsrailin İrana hücumu iki ölkə arasında vəziyyətin daha da kəskinləşməsinə gətirib çıxarıb. Bütün dünya hazırda İranın İsrailə hansı cavab verəcəyini gözləyir.
Mövzu ilə bağlı Redaktor.az-a danışan Orta Doğu Araşdırma Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan bildirdi ki, İranın İsrailə cavab verməsi artıq regionda iki gücün qarşılaşmasının daha da kəskinləşəcəyinə işarədir.
"İran rəsmilərinin çıxışlarından belə nəticəyə gəlmək olar ki, İran hakimiyyəti İsrailə qarşı cavab verəcək. Amma onun forması araşdırılır. Ötən gün İranın ali rəhbəri Ayətullah Seyid Əli Xamenei adından yayılan açıqlamada bildirildi ki, ali rəhbər uyğun qurumlara İsrailə cavab formasının tapılması ilə bağlı tapşırıq verib. İranın İsrailə, İsrailin İrana qarşılıqlı cavab verməsi artıq regionda iki gücün qarşılaşmasını daha da kəskinləşdiyini göstərir. Heç şübhəsiz, bu Yaxın Şərqdə vəziyyəti gərginləşdirəcək. Hansı ki, harada İranın hərbi bazası, müqavimət adı altında təşkilatları, hərəkatı var, o ölkələrdə vəziyyət ağırlaşacaq. Bura Suriya, İraq, Livan, Fələstin daxildir".
Siyasi şərhçi qeyd etdi ki, İsrailə qarşı aparılan müharibəyə Türkiyəni də sürükləmək istəyirlər.
"İran hakimiyyəti İsrailə qarşı apardığı savaşa ərəb ölkələrinin, Türkiyənin də qatılmasına çox cəhd göstərir. Amma hələ ki, ərəb ölkələri İrana qoşulmur. Çoxları hesab edir ki, bu müharibə genişlənib, Yaxın Şərqdən çıxıb böyük dünya müharibəsinə çevriləcək. Amma baş verən hadisələrin şərtləri müharibənin bəhs etdiyimiz arealı aşmayacağını göstərməkdədir. Müharibədən sonrakı Yaxın Şərq haqqında beynəlxalq ictimaiyyətin düşünməsi daha maraqlıdır. Regionda gələcəkdə hansı hadisələr baş verəcək, yeni dövlətlər yaranacaq, İran hakimiyyətinin aqibəti necə olacaq, ərəb dövlətlərində hansı proseslər baş verəcək? Bütün bu hadisələrin cavabı İran-İsrail qarşıdurmasının nəticəsindən asılı olacaq", - deyə S.Soltan bildirdi.
Türkan İSGƏNDƏRLİ