"Ermənistan Gürcüstandan Rusiyaya qarşı cəbhə açmaq istəyirdi" - AÇIQLAMA

 13:33 29.10.2024     390

Gürcüstanda parlament seçkilərində “Gürcü Arzusu” Partiyası qalib olub. Ancaq hakim partiyanın qələbəsini qəbul etməyən qüvvələr, eləcə də Prezident Salome Zurabişvili seçkilərin nəticələrinə etiraz edib. “Gürcü Arzusu” Partiyasına narazılıqların səbəbi nədir?

Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq Elşad Həsənov bildirdi ki, seçkilərdə fəal iştirak edən Gürcüstanda yaşayan azərbaycanlıların böyük hissəsi "Gürcü Arzusu" partiyasına səs veriblər:

"Seçkilər çox gərgin, həm də məhsuldar oldu. Yəni seçicilərin sayı həddən artıq çox idi. Gürcüstanda yaşayan azərbaycanlılar bu seçkidə çox fəal idilər. Çünki Saakaşvili hakimiyyətinin birinci dönəmində çox böyük işlər gördü, rüşvəti, korrupsiyanı aradan qaldırdı, çox önəmli işlər gördü. Ancaq ikinci dönəmdə isə onun hakimiyyətində olan insanlar əhaliyə problemlər yaratdılar. Sahibkarlıqla məşğul olan adamlara çox ciddi ziyanlar vurdular. İndiki hakimiyyət isə seçkilərdə qələbə çalandan sonra Saakaşvilinin buraxdığı səhvləri etmədi. Mən oktyabrın 20-21-də Gürcüstanda oldum, əhali ilə görüşdüm və onların əksəriyyəti bildirirlər ki, "Gürcü Arzusu" Partiyasına səs verəcəyik. Bu hakimiyyət azərbaycanlıların, müsəlman məscidlərinin təmirinə köməklik edirlər. Hətta 3 milyon 600 min lari vəsait ayrılır".

Politoloqun sözlərinə görə, Qərb Gürcüstanda müxalif partiyaya maliyyə ayıraraq, onların hakimiyyəti ələ almasını istəyirdi:

"Burada Qərbin çox ağır təhdidləri hökm sürür. Çünki indiki Gürcüstan hakimiyyəti, Qərbin istədiyi məsələlərdən imtina etdi. Xarici agent haqqında qanun qəbul etdi, LGBT üzvlərinin Gürcüstan ərazisində fəaliyyətləri dayandırılır. Buna görə də Avropa Sülh Fondu Gürcüstana ayırdığı 30 milyon avronu dondurdu, ABŞ, Fransa, Almaniya Gürcüstana ayrılan maliyyə yardımlarını dayandılar. Onlar Gürcüstana ayrılan maliyyə yardımlarını müxalifətə ayırdı ki, hakimiyyəti ələ alsınlar, seçkilərdə qələbə çalsınlar. Yəni Qərb hazırlaşırdı ki, müxalifət də hakimiyyətə gəlsin. Ancaq Gürcüstanda yaşayan insanlar stabilliyə, inkişafa, sülhə səs verdilər. Ona görə də "Gürcü Arzusu" böyük səs çoxluğu ilə qələbə çaldı".

Elşad Həsənov qeyd etdi ki, müxalifət seçkilərin qeyri-qanuni keçirildiyini, şəffaf olmadığını, ciddi səhvlərin olduğunu əsas gətirərək bu seçkinin tanımayacaqlarını bildirirlər. 

"Gürcüstanın Prezidenti Salome Zurabişvili də qərb yönümlüdür. Prezident əslində Gürcüstan konstitusiyasını qoruyan bir şəxs olmalıdır. Ancaq o bir növ müxalifəti, həm də Qərbin tələblərini yerinə yetirən bir insan kimi çıxış edir və bu da təəssüf doğurur. Onu da bildirim ki, seçkinin 90 faizi elektron formada keçirilib. Yəni orda heç nə etmək mümkün də deyil. Çünki bu seçki müasir dövrdə ən normal keçən seçkilərdən biri sayılmalıdır. Ancaq təəssüf ki, bəzi qüvvələr, o cümlədən Ermənistandan gələn müstəqil müşahidəçilər seçkinin normal keçmədiyi haqqında bəyanat yayıblar. Onlar istəyirdi ki, Gürcüstanda Qərbin dəstəklədiyi qüvvələr, müxalifət qüvvələri hakimiyyətə gələr və Gürcüstan üzərindən Rusiyaya qarşı ikinci cəbhə açılsın, ancaq bu baş vermədi", - deyə siyasi şərhçi bildirdi.

Türkan İSGƏNDƏRLİ