"Ölkəmizə qarşı irəli sürülən əsassız tələbləri qətiyyətlə rədd edirik" - Sahibə Qafarova

 12:56 29.10.2024     255

"Bildiyiniz kimi, oktyabrın 24-də Avropa Parlamentində Azərbaycanı hədəf alan növbəti siyasi aksiya təşkil olunmuşdur. Ölkəmizə qarşı böhtanlar, yalan və saxta məlumatlar üzərində qurulan qərəzli bir qətnamə qəbul edilmişdir. Xatırladım ki, Milli Məclis bu qətnaməyə dərhal öz münasibətini bildirmiş və bu münasibət mətbuatda dərc edilmişdir".

Redaktor.az xəbər verir ki, bu barədə Milli Məclisin sədri Sahibə Qafarova parlamentin 2024-cü il 29 oktyabr tarixli plenar iclasında çıxışı zamanı deyib.

"Bildirmək istəyirəm ki, Avropa Parlamentinin Azərbaycana qarşı düşmənçilik və qarayaxma kampaniyası aparan qüvvələrin əlində bir alətə çevrilməsi təəssüf doğurur. Biz ölkəmizə qarşı irəli sürülən əsassız ittihamları, cəfəng iddiaları, təhdid və tələbləri qətiyyətlə rədd edirik.

Bu cür ədalətsiz və qeyri-obyektiv sənədlərin ortaya çıxması Cənubi Qafqaz regionunda tarixi ədalətin və beynəlxalq hüququn bərpası ilə barışa bilməyən qüvvələrin bəd niyyətlərini bir daha açıb göstərir. Hesab edirəm ki, Avropa Parlamenti bu qətnaməsi ilə nəinki bölgəmizdə tarixi və müasir reallıqlara qərəzli münasibətini nümayiş etdirir, həm də dövlətimizin suverenliyinə və ərazi bütövlüyünə meydan oxuyur", - deyə spiker bildirib.

Sahibə Qafarova qeyd edib ki, Ermənistan Respublikası 30 il ərzində Azərbaycan torpaqlarını işğal altında saxlayıb, 1 milyon soydaşımızı qaçqın və məcburi köçkün həyatına məhkum edib, xalqımıza qarşı dəhşətli cinayətlər törədib, şəhər və kəndlərimizi, milli-mənəvi, tarixi və dini mirasımızı talan edib:

"O dövrdə beynəlxalq ictimaiyyət nədənsə susmağa üstünlük verirdi.

44 günlük Vətən müharibəsində və antiterror əməliyyatında tarixi qələbələrdən sonra isə Avropa Parlamentində, digər təşkilatlarda və ölkələrdə Azərbaycanofob, türkofob və islamofob qüvvələr bütün beynəlxalq davranış normalarını və nəzakət qaydalarını bir kənara qoyaraq, ölkəmizə qarşı sanki yürüşə çıxmışlar.

Narahatlıq doğuran bir məqam da budur ki, Avropa Parlamenti Bakıda keçiriləcək COP29 kimi mühüm beynəlxalq tədbirdən ölkəmizə qarşı siyasi təzyiq aləti kimi istifadə etməyə cəhd göstərir. İqlim dəyişmələri qlobal problemdir və birlik tələb edir, lakin bu məsələdən də Azərbaycan əleyhinə gündəliyin təbliği üçün istifadə olunur.

Milli Məclis olaraq, biz həmişə qeyd edirik ki, Azərbaycan siyasi dialoq və əməkdaşlıq üçün açıqdır və regionda sülh yaradılmasına sadiqdir, lakin hər hansı qərəzi, əsassız iddianı və tələbi, aqressiv ritorikanı qətiyyətlə rədd edir.

Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz müstəqil daxili və xarici siyasət yeridir və heç bir təzyiq və ya hədə-qorxu bizi öz yolumuzdan döndərə bilməz".

Parlament sədri bu günlərdə Gürcüstan və Özbəkistanda keçirilən parlament seçkilərinə də toxunub.

"Milli Məclisin üzvləri də bu seçkiləri müşahidə etmişlər. Artıq hər iki seçkinin uğurla baş tutduğunu söyləmək olar.

Biz Azərbaycana dost və qardaş ölkələrin əldə etdikləri nailiyyətlərə ürəkdən sevinirik və inanırıq ki, bu seçkilər Gürcüstan və Özbəkistanın hərtərəfli tərəqqisinə, eyni zamanda Azərbaycanın bu ölkələrlə münasibətlərinin, sülh, sabitlik və davamlı inkişaf naminə əməkdaşlığının daha da möhkəmlənməsinə və genişlənməsinə töhfə verəcəkdir", - deyə Sahibə Qafarova bildirib.

Türkan İSGƏNDƏRLİ