"Beynəlxalq Cinayət Məhkəməsinə sübutlar təqdim olunandan sonra yanlış qərar verə bilməz"
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, Azərbaycan Ermənistanın günahsız mülki əhaliyə qarşı ağır cinayətləri törətmiş bütün hərbi cinayətkarlarını Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) vermək öhdəliyi var.
Belə olduğu halda Beynəlxalq Məhkəmə ədalətli qərar verə bilərmi?
Mövzu ilə bağlı Redaktor.az-a danışan beynəlxalq hüquq üzrə mütəxəssis Əli Mustafa bildirdi ki, həm Birinci, həm də İkinci Qarabağ müharibəsinin cinayətkarları cəzalandırılmalıdır.
"Hər iki Qarabağ savaşı dönəmində Ermənistanda və Qarabağda yaşayan ermənilər kifayət qədər ciddi cinayət hadisələri törədiblər və bu cinayətin törədilməsində Ermənistan, Qarabağdakı separatçı rejimin rəhbərlərinin də kifayət qədər rolu var. Hətta Ermənistanın birinci prezidenti Ter-Petrosyandan sonrakı Köçəryan, Sarkisyan, müdafiə nazirləri Ohanyan, vaxtilə azərbaycanlı uşağın dərisini soyan Balayana qədər hamısı cinayətkarlardır. İkinci Qarabağ savaşı dönəmində Azərbaycanın bir sıra şəhərlərini - Bərdəni, Gəncəni bombalayan, sonra da bu məsuliyyəti üzərinə götürənlər beynəlxalq səviyyədə mühakimə olunmalıdır. Onlar əslində müharibə caniləri, cinayətkardırlar. Onların üzərinə getmədikcə əksinə, daha çox Azərbaycana qarşı tələblərlə, iddialarla çıxış edirlər. Hətta bu cinayətkarları hərbi təzyiq adı ilə xilas etməyə çalışırlar. Azərbaycana qarşı bütün bunlar olmasın deyə, onların mütləq mühakimə olunmasına çalışmaq lazımdır".
Hüquqşünas qeyd etdi ki, Ermənistanın məhkəməyə verilməsi, indiki Azərbaycan-Ermənistan münasibətlərinin, sülh danışıqlarının planının da gedişinə təsiri olmaz.
"O ki, qaldı Beynəlxalq Cinayət Məhkəməsinin verəcəyi qərarların obyektivliyinə, kifayət qədər sübutlar, dəlillər təqdim olunandan sonra cinayət məhkəməsi yanlış qərar verə bilməz. Azərbaycan hüquq-mühafizə orqanlarında bu barədə yetərincə dəlil, onların törətdiyi cinayət əməllərinə aid sübutlar var. Lap sabah bizim Ermənistanla anlaşmamız, barışmamız olsa belə, bütün hallarda yenə bu cinayətkarları cəzalandırmaq lazımdır. Mənə elə gəlir ki, bu, indiki Azərbaycan-Ermənistan münasibətlərinin, sülh danışıqlarının gedişinə təsiri olmaz", - deyə Əli Mustafa bildirdi.
Türkan İSGƏNDƏRLİ