Gələcəkdə Azərbaycanla birgə layihələr uğurla reallaşdırılacaq - Qebreyesus
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Komitəsinin 74-cü sessiyası çərçivəsində Azərbaycanın səhiyyə naziri Teymur Musayevin rəhbərlik etdiyi nümayəndə heyəti bir sıra ikitərəfli görüşlər keçirib.
Redaktor.az xəbər verir ki, ÜST-nin Baş direktoru doktor Tedros Adhanom Qebreyesus ilə görüşdə Teymur Musayev ölkəmizin Ümumdünya Səhiyyə Təşkilatı ilə sıx əlaqələrin qurulmasına xüsusi qiymət verildiyini diqqətə çatdırıb və ötən müddət ərzində ÜST-nin Azərbaycana göstərdiyi dəstəyinə görə təşəkkürünü bildirib.
Öz növbəsində doktor Tedros Adhanom Qebreyesus Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ÜST ilə əməkdaşlığa verdiyi önəmi yüksək qiymətləndirib. ÜST-nin Baş direktoru gələcəkdə də Təşkilatın Azərbaycanla birgə layihələrin uğurla reallaşdırılacağına əminlik ifadə edib.
Daha sonra Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Komitəsinin yenidən seçilmiş sədri Hans Henri Klüge ilə görüş keçirilib. Hans Henri Klugeni bu vəzifəyə seçilməsi münasibətilə təbrik edən Teymur Musayev ölkəmizin nüfuzlu səhiyyə qurumları, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatı ilə yüksək səviyyəli əlaqələrin mövcudluğunu xüsusi vurğulayıb. İnsan sağlamlığı üçün mühüm əhəmiyyət kəsb edən təşəbbüslərin gələcəkdə də uğurla həyata keçiriləcəyinə əminlik ifadə olunub.
Həmçinin, Latviyanın səhiyyə naziri Hossam Abu Merinin və Rumıniyanın səhiyyə naziri Aleksandru Rafilanın rəhbərlik etdiyi nümayəndə heyətləri ilə görüşlər olub. Görüşlər zamanı xalqlarımız arasında münasibətlərin inkişafında dövlət başçılarının müstəsna rolu vurğulanıb. Eyni zamanda, səhiyyə sahəsində əməkdaşlığın daha da inkişafı üçün geniş potensialın mövcudluğu qeyd edilib.
Görüşlərdə Azərbaycanın nümayəndə heyətinə xalqımızın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcəyi münasibətilə təbriklər ünvanlanıb. COP29 kimi mötəbər tədbirin mahiyyəti vurğulanaraq, Azərbaycanın hər zaman mühüm beynəlxalq tədbirləri ən yüksək səviyyədə təşkil etdiyi bildirilib.