"Yaxın zamanlarda sülh sazişinin imzalanmasının şahidi ola bilərik"

 17:20 31.10.2024     251

"Ermənistanın konstruktiv mövqeyə gəlməsi üçün mütləq ABŞ-nin müəyyən qədər təzyiq göstərməsinə ehtiyac var və görünür Co Baydenin xüsusi nümayəndəsi təkcə məktubu təqdim etməyib, eyni zamanda müəyyən məsləhətlər də verib və Ermənistanın atacağı addımları onlara başa salıb".

Bu sözləri Redaktor.az-a politoloq Abutalıb Səmədov Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın Azərbaycan haqqında çıxışını şərh edərkən dedi. Onun sözlərinə görə, sülh sazişinin imzalanması qarşısında elə bir maneə qalmayıb:

"Kazandakı görüşdən sonra və ondan əvvəl ABŞ Prezidenti Baydenin həm Azərbaycan Prezidentinə, həm də Ermənistan Baş nazirinə göndərdiyi məktublardan sonra irəliləyişlərin olması təbii ki, sevindiricidir. Güman edirəm ki, razılaşdırılmamış üç bəndin də razılaşdırılması çox mühüm hadisədir və sülh sazişinin imzalanması qarşısında elə bir maneə qalmayıb. Digər tərəfdən, Ermənistan Konstitusiya Məhkəməsi son qərarı ilə açıq şəkildə bəyan etdi ki, Ermənistan Konstitusiyası yalnız orada yazılanlardan ibarətdir. Müxtəlif aktlara, bəyannamələrə olan istinadlar qüvvəyə malik deyil. Məlumdur ki, Ermənistan Konstitusiyasının preambulasında müstəqillik haqqında bəyannaməyə istinad var idi və bu bəyannamədə də Qarabağın Ermənistanla birləşməsi faktı qeyd olunurdu".

Ukraynadan sonra növbə Ermənistana çatacaq: Sülh İrəvana hava-su kimi  lazımdır

Politoloq qeyd etdi ki, Ermənistan Konstitusiya Məhkəməsinin həmin qərarından sonra artıq sülh sazişinin Ermənistan parlamentində təsdiq olunacağı heç kimdə şübhə doğurmur.

"Baxmayaraq ki, Konstitusiya Məhkəməsinin qərarı Ermənistanda çox ciddi narazılıqla qarşılandı və mütəxəssislər bu qərarın hüquqa zidd olduğunu dedilər. Bütün hallarda güman edirəm ki, Azərbaycan bu məsələdə Konstitusiya Məhkəməsinin qərarını nəzərə ala bilər və sülh sazişinin qarşısında olan sonuncu maneə də götürülmüş olar. Hər halda bu barədə qərarı Azərbaycan hakimiyyəti verməlidir. Avropalı müşahidəçilərin sərhəddə gəlməsi isə mən hesab edirəm, sülh sazişinə heç bir maneə törədə bilməz. Onlar onsuz da sərhədinin yaxınlığında yerləşiblər və daim müşahidə edirlər, kəşfiyyat məlumatları toplayırlar və onları göndərən mərkəzlərə çatdırırlar. Bu, Azərbaycan üçün indiyə qədər heç bir problem yaratmayıb, bundan sonra da yaratmayacaq və güman edirəm ki, yaxın zamanlarda biz sülh sazişinin imzalanmasının şahidi ola bilərik", - deyə A.Səmədov bildirdi.

Türkan İSGƏNDƏRLİ