"Ermənistan Azərbaycanla yaxşı münasibətlərin olmasını qəbullanmağa başlayıb" - Deputat

 17:38 31.10.2024     277

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan parlamentdə çıxışında bildirib ki, Ermənistan və Azərbaycan yaxın vaxtlarda bütün sülh sazişi layihəsini razılaşdıra biləcəklər. O, hətta qalan bənd üzrə anlaşacaqlarını da vurğulayıb.

Ermənistan sülh müqaviləsini olduğu kimi imzalamağa hazırdır?

Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Aydın Mirzəzadə bildirdi ki, Ermənistan Azərbaycanla yaxşı münasibətlərin olmasını qəbullanmağa başlayıb.

"Azərbaycan Ermənistanla normal qonşuluq münasibətlər əhval-ruhiyyəsindədir və həm Vətən müharibəsi ərəfəsində, həm Vətən müharibəsindən sonra Ermənistanla beynəlxalq prinsiplər əsasında münasibət qurmaqlara dair müxtəlif təkliflərini vermişdir. Ərazi bütövlüyü təmin edildikdən sonra artıq ciddi surətdə sülh müqaviləsi üzərində iş gedir və aydın məsələdir ki, 30 il müharibə vəziyyətində olan ölkələrin asanlıqla sülhə gələcəyi bir o qədər gözlənilən deyil. Ermənistan tərəfinin qalan bir neçə məsələ ilə bağlı artıq razılığa gəlmək imkanı olduğu bəyanatını verməsi onu göstərir ki, Ermənistan bu gün Azərbaycanla yaxşı münasibətlərin olmasını günü-gündən daha çox qəbul edir".

Deputatın sözlərinə görə, beynəlxalq hüquq prinsipləri gözlənilməklə sülh müqaviləsini yaxın vaxtda imzalamaq olar.

"Beynəlxalq hüquq prinsipləri gözlənilməklə, ərazi bütövlüyü, bir-birinin daxili işlərinə qarışmama prinsipləri əsas götürülməklə sülh müqaviləsini yaxın vaxtda imzalamaq olar. Ermənistanın bu məsələdə səmimi olduğuna inanmaq istəyərdik. Ancaq bu, nə dərəcədə realdır və doğrudanmı Ermənistanın sülh çağırışları ilə real sülh bir-birinə uyğun gəlir? Bunu gələcək göstərəcək", - deyə A.Mirzəzadə vurğuladı.

Türkan İSGƏNDƏRLİ