Amerikadakı prezident seçkiləri Azərbaycana necə təsir edəcək? - AÇIQLAMA

 16:56 04.11.2024     341

Noyabrın 5-i ABŞ-də prezident seçkiləri keçiriləcək. Bu mübarizədə ABŞ-nin vitse-prezidenti, Demokrat Kamala Harris və eks-prezident, respublikaçı Donald Tramp mübarizə aparacaq.

Amerikanın yeni prezidenti kim olacaq və Azərbaycanla münasibətlər hansı istiqamətdə dəyişəcək?

Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq Abutalıb Səmədov bildirdi ki, hansının prezident seçiləcəyini qəti şəkildə söyləmək çox çətindir.

"Baydenin seçki marafonundan çəkilməsindən və onun Harrislə əvəz olunmasından sonra əhalinin xeyli hissəsi demokratları dəstəkləməyə başladı. Debatlarda da Harris Trampa qalib gəldi və bu onun şansını bir az da artırdı. Güman eləmək olardı ki, artıq seçkinin taleyi həll olunub və Harris Amerika Birləşmiş Ştatlarının növbəti prezidenti olacaq. Ancaq tədricən aralarındakı fərq azalmağa başladı və bu gün artıq hansının seçiləcəyini qəti şəkildə söyləmək çox çətindir. Ancaq Trampın son bir ayda səsinin, seçicilərin ona verdiyi dəstəyin artması onun şansının daha çox olduğunu söyləməyə imkan verə bilər. Harrisin prezident seçiləcəyi təqdirdə Amerika Birləşmiş Ştatlarının siyasətində elə bir ciddi dəyişiklik baş verməyəcək. O, Baydenin siyasətini davam etdirəcək və etiraf etmək lazımdır ki, Azərbaycanla Amerika Birləşmiş Ştatları arasındakı münasibətlər, son illərin ən aşağı səviyyəli münasibətləridir. Çox ciddi problemlər yarandı. Çox təəssüf ki, Amerika Birləşmiş Ştatları son dövrlər xüsusilə bizə münasibətdə ədalətsiz mövqe sərgilədi. Trampın seçiləcəyi təqdirdə hansı siyasəti yeridəcəyini söyləmək çətindir. Çünki o, siyasətdən bir qədər uzaq adamdır, avantüraya meyllidir və onun hansı addımlar atacağını qabaqcadan söyləmək asan deyil".

Ukraynadan sonra növbə Ermənistana çatacaq: Sülh İrəvana hava-su kimi  lazımdır

Politoloq qeyd etdi ki, Trampın Rusiya-Ukrayna müharibəsini dayandırmaq planı və onun seçəcəyi yol bizim üçün risklidir.

"Çünki o, neftin qiymətini 40  dollara salacağını deyir və Rusiyanı sülhə gəlməyə bu üsulla məcbur edəcəyini söyləyir. Neftin 40 dollara düşməsi Azərbaycanda da ciddi problemlər yarada bilər. Bu səbəbdən təbiidir ki, biz onun bu bəyanatını narahatçılıqla qarşılayırıq. Ancaq bir məsələni də demək lazımdır ki, neftin 40 dollara düşməsi Amerika Birləşmiş Ştatların özünə də çox ciddi zərbə vuracaq. Çünki dünyada ən çox neft istehsal edən ölkə ABŞ-dir. ABŞ-də neftin maya dəyəri kifayət qədər yüksəkdir. 40 dollara düşən neft ölkəni ciddi zərərə soxa bilər. Ancaq hər şeydə olduğu kimi bu məsələdə də Tramp çox dərinə getmir, elan edir ki, nefti 40 dollara salacaq və bu Rusiyanı bununla müharibəni dayandırmağa məcbur edəcək. Çünki Rusiyada orta hesabla neftin maya dəyəri 40-50 dollar arasındadır. Ancaq ABŞ-də ondan bir az yuxarıdır. Yəni Rusiya nə qədər ziyan dəyəcəksə, ən azı o qədər də ABŞ-yə ziyan dəyəcək. Hər halda baxarıq, görərik. Adətən seçkiqabağı dövrdə verilən bəyanatlar nadir hallarda sonradan gözlənilir. Siyasət əvvəlcədən elan olunan siyasətdən ciddi şəkildə fərqlənir və hesab edirəm ki, Trampın qalib gələcəyi təqdirdə Azərbaycan ABŞ arasındakı münasibətlər ən azı indikindən daha yaxşı olacaq". 

Türkan İSGƏNDƏRLİ