Trampın qələbəsi Azərbaycan-ABŞ münasibətlərinə necə təsir edəcək? - AÇIQLAMA

 17:10 06.11.2024     223

ABŞ-nin 47-ci prezidenti Respublikaçılar Partiyasından Donald Tramp oldu. Belə ki, o, 277 səslə, 224 səs toplayan rəqibi Demokratlar Partiyasından olan Kamala Harrisi qabaqlayıb.

Bəs Trampın qələbəsi Azərbaycan-Amerika münasibətlərinə necə təsir edəcək?

Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Aydın Mirzəzadə bildirdi ki, Tramp siyasətdə və beynəlxalq birlikdə tanınan bir şəxsdir.

"ABŞ-də prezident seçkilərində Respublikaçılar partiyasından Donald Trampın qələbə çalması amerikalıların seçimidir. Amerika vətəndaşı növbəti dörd ilə ölkənin liderliyini respublikaçı nümayəndəyə tapşırmağı qərara aldı və Azərbaycan xalqı bu seçimə hörmətlə yanaşır. Donald Tramp siyasətdə və beynəlxalq birlikdə tanınan bir şəxsdir. Onun əvvəlki dörd illik prezidenti dövründə apardığı siyasət kifayət qədər məlumdur. Növbəti dörd il üçün proqramını elan edib və nə dərəcədə həyata keçirəcək, bunları zaman göstərəcək".

Deputatın sözlərinə görə, Azərbaycan regionda stabilliyin inkişafının olmasında ABŞ-nin səmərəli iştirakını arzu edir.

"Azərbaycan-Amerika münasibətləri onun hakimiyyəti dövründə özünün stabilliyi, inkişafı və problemlərin həllinə birgə yanaşma dövrü kimi xarakterizə olunur. Ümid etmək istərdim ki, bu münasibətlər onun ikinci prezidentliyi dövründə də bu istiqamətdə davam edəcəkdir. Azərbaycan dövləti ABŞ ilə münasibətlərə xüsusi əhəmiyyət verir, ABŞ ilə beynəlxalq birlikdə qarşıda duran məsələlərin həllinə böyük diqqət yetir. Siyasi məsləhətləşmələr hər iki dövlət üçün əhəmiyyətlidir və regionda stabilliyin inkişafının olmasında ABŞ-nin də səmərəli iştirakını arzu edən dövlətlərdənik. Hesab edirəm ki, ABŞ ilə münasibətlər məsələsi yeni seçilən prezidentin də diqqətində olan məsələlərdən biri olacaq".

Türkan İSGƏNDƏRLİ