"COP29 ikitərəfli əlaqələrin qurulmasına zəmin yaradacaq" - Millət vəkili

 17:08 14.11.2024     179

Bakıda Qlobal iqlim dəyişikliyi ilə mübarizəyə həsr olunan COP29 çərçivəsində Dünya Liderlərinin Sammiti davam edir. Sammit çərçivəsində ölkəmizə dünya liderləri və nümayəndələri gəliblər. Tədbir vaxtı dünya miqyasında iqlim dəyişiklikləri və digər mövzular müzakirə predmetidir.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Aydın Mirzəzadə bildirdi ki, COP29-un Azərbaycanda keçirilməsi, ölkəmizin beynəlxalq iqlim siyasətində mübarizəsini göstərmək üçün əhəmiyyətli hadisədir. 

"COP konfranslarının keçirilməsi dünya siyasi həyatında çox möhtəşəm hadisələrdən biri hesab edilir. Dünya ölkələri liderlərinin və on minlərlə iştirakçının iştirak etdiyi tədbir dünya mətbuatının diqqətində olur. İqlim dəyişikliyi ilə bağlı bütün problemlər bu gün bəşəriyyəti ayrı-ayrı ölkələri narahat edən bütün məsələlər müzakirə mövzusuna çevrilir. Bu hər bir ölkə üçün öz iqlim siyasətində daha ciddi və effektiv addımlar atılması üçün vacibdir.Tədbirin ölkəmizdə keçirilməsi Azərbaycanın siyasi nüfuzunun, ona digər dövlətlər tərəfindən yüksək qiymət verilməsinin bir daha göstəricisidir".

Millət vəkili qeyd etdi ki, COP29 beynəlxalq tədbiri ikitərəfli əlaqələrin qurulmasına zəmin yaradacaq.

"Azərbaycanın COP29 tədbirini yüksək səviyyədə təşkil etdiyi göz qarşısındadır. 80 ölkənin rəhbərinin və 72 000 nümayəndənin iştirakı Azərbaycana diqqəti daha da artırır. Bu, Azərbaycanın siyasi nüfuzunun artmasına, bir sıra məsələlər üzrə mövqeyinin nəzərə alınmasına, eyni zamanda tədbir çərçivəsində ikitərəfli əlaqələrin qurulmasına xidmət edəcək".

Türkan İSGƏNDƏRLİ