"Trampın hakimiyyətə gəlməsi, Ukraynada nikbinlik yaratdı" - AÇIQLAMA

 18:02 15.11.2024     225

ABŞ-nin yeni Prezidenti Donald Tramp seçilməmişdən öncə müharibələrə son qoyacağını vəd etmişdi. O, ilk olaraq Rusiya-Ukrayna müharibəsinin tam həll edilməsi üçün bütün addımları atacağını bildirib.

Bəs Trampın hakimiyyəti müharibəyə necə təsir edəcək?

Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq Əli Mustafa bildirdi ki, Tramp hakimiyyətə tam keçdikdən sonra addımlar atacaq.

"Tramp seçkiqabağı bəyanatları ilə dünyanı bir gözləntiyə gətirib, çıxarıb. O, artıq seçilib amma rəsmi səlahiyyəti aşılanmayıb. Bu yanvar ayında həyata keçiriləcək. O vaxta qədər isə Tramp daha çox öz komandasını formalaşdırmağa çalışır və yəqin ki, Bayden hökuməti ilə nələrsə uzlaşdırmaq istəyəcək. Çünki Trampın nə istəməsindən asılı olmayaraq, hələlik hakimiyyətdə Baydendir və Bayden də Ukraynaya dəstək verməkdə israrlıdır. Onun indiyə qədər ehtiyatlı, tərəddüdlü davranışları olsa da, Ukraynanı davamlı olaraq dəstəkləyib. İndi isə bu dəstəyi daha da gücləndirə bilər. Ümumiyyətlə, Ukrayna-Rusiya münasibətlərində elə bir vəziyyət, döngə yarada bilər ki, Tramp belə heç nəyi dəyişə bilməz. Amma anlaşılan odur ki, Tramp da Baydenin bu yolunu gedəcək. O, konkret olaraq daha çox şahinlər, qırğılardan ibarət komanda formalaşdırır. Yəni təəssürat belədir ki, bu insanlar Ukraynanın dostu olmasalar da, Rusiyanın düşmənləri, onu sevməyən adamlardır. Bu baxımdan Ukrayna tərəfində sanki bir nikbinlik var. Əlbəttə, bir qədər öncə əndişə var idi, düşünürdülər ki, Tramp gələndə, Rusiyanın köməyi olacaq, Ukraynanı dəstəkləməyəcək və s. İndi isə bir qədər bu əndişə azalıb, neytrallaşıb deyə bilərik, amma nikbinlik də yüksək deyil". 

Politoloqun sözlərinə görə, Tramp Ukrayna-Rusiya arasında kommunikasiyaları müşahidə edir.

"Tramp davamlı olaraq bəyan edir ki, dünyadakı savaşlarını, konkret olaraq Rusiya-Ukrayna müharibəsini dayandıracaq. Buna nə qədər nail olacağını proqnozlaşdırmaq üçün hələ bir qədər də baş verənləri izləmək lazımdır. Çünki dediyim kimi, Bayden hökuməti Rusiyaya qarşı pressinqi artırır. Tramp isə hələlik daha çox müşahidə edən, neytral görünən prezident kimi hadisələrə yanaşır və komandasını formalaşdırır. Tramp araşdırmalar aparır. Rusiya və Ukraynanı anlamağa çalışır ki, bunları dayandırmaq üçün nələr lazımdır. Hətta Ukrayna-Rusiya arasında hansısa kommunikasiyanın olduğu da deyilir. Amma eyni zamanda meydanda bir savaş var. Yəni dönəmi ziddiyyətli, qarmaqarışıq bir mərhələ kimi xarakterizə etmək olar. Tramp isə ümid edək ki, müharibəni dayandırmağa çalışacaq".

Türkan İSGƏNDƏRLİ