Bu halda ABŞ-Rusiya müharibəsi başlaya bilər - AÇIQLAMA

 17:26 18.11.2024     296

ABŞ Prezidenti Co Bayden ilk dəfə Ukraynanın Birləşmiş Ştatların ATACMS uzaqmənzilli raketləri ilə Rusiyanın ərazisinə zərbələr endirməsinə icazə verib. Həmin raketlər Ukrayna Silahlı Qüvvələrinin Kursk bölgəsində müdafiəsini təmin etmək üçün istifadə olunacaq. 

Bu qərar müharibənin gedişatına necə təsir edəcək?

Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq Abutalıb Səmədov bildirdi ki, ABŞ-nin Rusiyanın digər ərazilərinə hücuma icazəsi yeni müharibənin qapısını açacaq.

"Baydenin Ukraynaya Rusiyanın ərazisinə uzaq radiuslu raketlərlə zərbə endirmək icazəsini verməsi mətbuat tərəfindən dilə gətirilib və həm Ukrayna Prezidenti Zelenski, həm bir sıra başqa dövlət rəhbərləri dolayı yolla, yaxud birbaşa belə bir qərarın olduğunu təsdiqləyiblər. Söhbət hələlik Kursk ərazisini vurmaqdan gedir. Digər ərazilərlə bağlı qərar Rusiyanın buna verdiyi reaksiyadan asılı olaraq dəyişəcək. Çünki Rusiya açıq şəkildə deyirdi ki, əgər belə bir qərar verilsə, bu, ABŞ-nin Rusiyaya müharibə elan etməsi kimi qiymətləndiriləcək və buna adekvat cavab veriləcək. Bu təhdid uzun müddət Bayden administrasiyasını narahat edir. Onlar ABŞ-nin verdiyi silahlardan Rusiya ərazisinin dərinliklərinə zərbə vurulmasına icazə vermirdilər. Hələlik ATACMS raketlərindən, deməli istifadə etməyə icazə verilib və bunun nəticəsinin necə olacağı yaxın günlərdə özünü göstərəcək".

Ukraynadan sonra növbə Ermənistana çatacaq: Sülh İrəvana hava-su kimi  lazımdır

Politoloqun sözlərinə görə, ABŞ-nin Kurska vurmasına icazə verməsi, müharibənin seyrinə çox təsir etməyəcək.

"Təbii ki, elə bir ciddi təsir göstərməyi mümkün deyil. Rusiya təşəbbüsü ələ alıb, addım-addım irəliləyir və ATACMS-lardan endirilən zərbələr yəqin ki, döyüş bölgəsində vəziyyəti dəyişməyəcək. Gələcəkdə daha genişmiqyaslı və Rusiyanın bütün ərazisinə zərbələr endirməyə icazə verilsə, bu, ola bilsin ki, müəyyən qədər hərbi əməliyyatlara təsir göstərəcək. Ancaq burada başqa bir məqam da var ki, sülh danışıqlarına bu addımların gələcəkdə təsiri olsun və Rusiya müəyyən qədər kompromisə getməyə razı olsun. Bu Zelenskinin sülh planında da öz əksini tapmışdır. Ancaq Rusiya hələlik heç bir kompromisi qəbul etmir və "sülh mənim şərtlərimlə əldə oluna bilər" deyir. Ancaq rusların da dediyi kimi, bu icazə artıq müharibənin tamamilə yeni bir mərhələyə qədəm qoyduğunu göstərir və bunun nəticələrinin nə olacağını yaxın günlər göstərəcək. Şəxsən mən bu, razılığın elə bir ciddi nəticə verəcəyini güman etmirəm".

Türkan İSGƏNDƏRLİ