COP29 ictimaiyyətin ekoloji məsələlərə həssaslığını və bu mövzuda məlumatlılığı daha da artıracaq - Rəy

 21:56 21.11.2024     167

Azərbaycan artıq 10-cu gündür ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) uğurla ev sahibliyi edir. Qlobal miqyaslı bu tədbir ölkəmizin beynəlxalq aləmdə nüfuzunu gücləndirməklə yanaşı, ölkəmizə siyasi və iqtisadi baxımdan böyük dividendlər gətirir.

Redaktor.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Afət Həsənova səsləndirib.

Deputat bildirib ki, COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı qərarın qəbul edilməsi beynəlxalq müstəvidə ölkəmizə böyük etimadın və nüfuzunun göstəricisidir. “Azərbaycan COP29-a ev sahibliyi etməzdən əvvəl də ekoloji məsələlərə, ətraf mühitin mühafizəsinə, yaşıl iqtisadiyyata keçidə xüsusi diqqət yetirirdi. Belə ki, Prezident İlham Əliyevin 2023-cü il 25 dekabr tarixli Sərəncamı ilə ölkəmizdə 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Bununla yanaşı, Azərbaycanda ətraf mühitin qorunması, iqlim dəyişikliklərinin qarşısının alınması istiqamətində atılan addımlar sırasında günəş, külək enerjisinin əldə olunması sahəsində həyata keçirilən layihələri, işğaldan azad edilmiş ərazilərin, həmçinin Naxçıvan Muxtar Respublikasının “yaşıl enerji” zonası elan olunmasını nümunə göstərə bilərik.

Eyni zamanda, son dövrlərdə ölkəmizdə ekoloji mühitin qorunması məqsədilə bir sıra mühüm qanunlar qəbul edilib və mövcud qanunvericiliyə dəyişikliklər olunub. Həmçinin ictimaiyyətin ekoloji məsələlərə həssas yanaşması və məlumatlılığın artırılması istiqamətində bir sıra işlər həyata keçirilib. Hesab edirəm ki, ilk növbədə, COP29 qeyd olunan istiqamətdə görülən işlərin təbliğinə imkan yaradacaq, ictimaiyyətin ekoloji məsələlərə həssaslığını və bu mövzuda məlumatlılığı daha da artıracaq”, - deyə A.Həsənova bildirib.

Onun sözlərinə görə, COP29 daha çox ekoloji layihələrin reallaşdırılmasına təkan olacaq. Xüsusilə COP29 çərçivəsində özəl sektorun da cəlb edilməsi gələcəkdə dövlət və özəl sektor tərəfindən ağacəkmə kampaniyaları, yaşıllaşdırma və bu kimi digər layihələrin reallaşmasına imkanlar yaradacaq. Bu layihələr ətraf mühitin qorunması ilə yanaşı, insanların sağlam həyat tərzinin formalaşmasına imkan verəcək.

COP29-un Azərbaycan üçün iqtisadi baxımdan da böyük əhəmiyyət daşıdığını söyləyən deputat qeyd edib: “Məlumdur ki, konfrans çərçivəsində ölkəmizə minlərlə xarici nümayəndə, investor, ekspert və digər qonaqlar gəlib. İlk növbədə, bu qədər insanın ölkəmizə gəlməsi turizm və xidmət sektoruna xeyli əlavə gəlir gətirib. Bununla yanaşı, COP29 ölkəmizin investisiya cəlbediciliyini xeyli dərəcədə artıracaq və gələcəkdə həm ekoloji layihələrə, həm də digər sektorlarda investisiyaların cəlb olunmasına geniş imkanlar yaradacaq. COP29 Azərbaycanın bu günədək ev sahibliyi etdiyi ən genişmiqyaslı tədbirdir və bunun ölkəmiz üçün nə qədər böyük faydalar gətirəcəyini qarşıdakı dövrdə daha aydın müşahidə edəcəyik”.