"Kipr NATO-ya üzv ola bilməz" - AÇIQLAMA

 17:16 28.11.2024     328

Xəbər verdiyimiz kimi, Kipr NATO-ya daxil olmağı planlaşdırır. Bu, ada prezidenti Nikos Xristodulidisin oktyabrın sonunda Amerika lideri Co Baydenlə görüşündə diqqət mərkəzində olub. 

Bəs Kipr həqiqətən də NATO-ya üzv olarsa, bu Türkiyə ilə münasibətlərə necə təsir edə bilər? 

Mövzu ilə əlaqədar Redaktor.az-a danışan politoloq Abutalıb Səmədov bildirdi ki, Kiprin NATO-ya üzv olması mümkün deyil.

"Kiprin NATO-ya üzv olması ən azı iki səbəbdən mümkün deyil. Birincisi, bu dövlətin ərazi problemləri var. Uzun illərdir onu həll eləmək mümkünsüz olub. Bu səbəbdən Kiprin NATO-ya üzv olması mümkünsüzdür. Çünki ərazi problemləri olan dövlətləri NATO-ya üzv qəbul eləmirlər. İkinci mühüm səbəb bundan ibarətdir ki, NATO-ya üzvlüyə qəbul konsensusdan olur. Yəni bir dövlətin etiraz etdiyi halda, həmin namizəd ölkə NATO üzvlüyünə qəbul edilmir".

Ukraynadan sonra növbə Ermənistana çatacaq: Sülh İrəvana hava-su kimi  lazımdır

Politoloqun sözlərinə görə, Türkiyə heç vaxt Kiprin NATO-nun üzvü olmasına imkan verməz.

"Kiprin NATO-ya üzv olmaq şansı ən azı yaxın illərdə yoxdur. Ancaq əgər üzv olsa da, Türkiyə üçün nə problem yaratmalıdır? Çünki Yunanıstan da NATO-nun üzvüdür. Üstəlik, ABŞ və Fransa ilə ayrıca hərbi sahədə əməkdaşlıq haqqında müqavilələri də var. Ancaq müəyyən xoşagəlməz bəyanatlardan və addımlardan o tərəfə keçə bilmirlər. Baxmayaraq ki, Yunanıstan bütövlükdə ABŞ-nin hərbi bazasına çevrilib. Bu səbəbdən mən hesab edirəm ki, Kipr hətta NATO-ya üzvü olsa da, Türkiyə üçün heç bir problem yarada bilməz. Ancaq bir daha təkrar etmək istəyirəm ki, yaxın illərdə Kiprin Alyansa qəbul olunması ehtimalı yoxdur".

Türkan İSGƏNDƏRLİ

Vumart və Güvən reklamı Vumart Güvən