"Qorxurlar ki, İlham Əliyev ilin adamı elan edilsə..." - Zahid Oruc

 11:41 29.11.2024     529

"1927-ci ildən başlayaraq nüfuzlu “Time” jurnalı "İlin Adamı" mükafatını təqdim edir. Bu mükafatın 100 illik tarixində Franklin Ruzvelt, İosif Stalin, Çan Kayşi kimi liderlərlə yanaşı, İraqa və Əfqanıstana qoşun yeridən dövlət başçılarının adları da var. Lakin bizi bu seçimin meyarlarından çox, SSRİ-nin dağılmasında və yeni dünya təhlükəsizliyinin qurulmasında mühüm rol oynayan Qarabağ münaqişəsini həll etmiş bir liderin ədalətli dəyərləndirilməsi düşündürür".

Redaktor.az xəbər verir ki, bu barədə Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentin növləti plenar iclasında bildirib.

"1989-cu ilin 25 dekabrında "Newsweek" jurnalı üz qabığını "İlin xalqının azadlığı üçün ayağa durun" sərlövhəsi ilə bəzəyərək azərbaycanlıları dünyaya nümunə göstərmişdi. Lakin bu jestin məqsədi millətimizin müstəqillik mübarizəsinə dəstəkdən çox, Sovet İttifaqının süqutuna təkan vermək idi. Cəmi üç il sonra nəinki Amerika mediası, həm də qlobal Qərb mətbuatı xalqımızı ermənilərə qarşı milli-dini cinayətlərdə ittiham edərək ona qarşı sanksiyalar tətbiq edilməsini tələb etdi".

Millət vəkili deyib ki, uzun illər meydanlarda millətin gələcəyini istismar edənlər "Newsweek" jurnalının həmin qərarını öz nailiyyətləri kimi təqdim etdilər:

"Nəticədə "ilin xalqı" statusu bir milyonluq köçkünlərə, çadırlar və çiy kərpiclər diyarına çevrildi. 2022-ci ildə isə eyni üsulla Konqres, Bundestaq və Senat binalarında alqışlanan Vladimir Zelenski Çörçildən daha böyük lider elan edildi. Lakin bu, ukraynalı xalqın məğrur taleyini məhv edib onları didərgin salmaq və ölkələrini xarabalığa çevirməkdən başqa bir nəticə vermədi.

Buna qarşı Azərbaycan xalqının lideri İlham Əliyev heç bir dünya miqyaslı titul və ya ad iddia etmədən öz xalqının xilaskarı kimi çıxış etdi. O, BMT-nin qərarını yerinə yetirən, daha sonra Baş katibi qalibiyyət paytaxtına gətirən yeganə lider oldu. İlham Əliyev qlobal layları tərpətməyi bacardı və ölkənin qələbəsini xarici güclərin təsiri olmadan qazandı".

Zahid Orucun sözlərinə görə, bu səbəbdən biz “Time” jurnalından İlham Əliyevi və Azərbaycan xalqını 2024-cü ilin qalibi elan etməsini gözləmirik: Çünki bu qələbə Ağ Ev, Yelisey və Brüsseldən icazə alınmadan əldə olunub. Qlobal müharibə tərəfdarları və onların media şəbəkəsi İlham Əliyevə qarşı çirkli kampaniya apararaq Azərbaycanın tarixi zəfərini ləkələməyə çalışır. Qorxurlar ki, İlham Əliyev ilin adamı elan edilsə, o, əsarətə və işğala məruz qalan xalqlar üçün lider nümunəsinə çevrilər və dünya xalqları üçün yeni bir simvol olar.

Zəfərdən sonra müxtəlif qitələri, dinləri və mədəniyyətləri İqlim Zirvəsi çərçivəsində bir araya gətirən İlham Əliyev dünyadakı siyasi böhranlara və nüvə təhlükəsinə qarşı sülhə çağırış edir. Bu tarixi qələbə Azərbaycan xalqını yalnız indi, çoxəsrlik məğlubiyyətlər və köçkünlük tarixini aşaraq, dünyanın ən önəmli xalqına çevirdi.

Türk dünyası, müsəlman aləmi və ədalət tərəfdarı olan hər bir şəxs Azərbaycanın Qələbəsini öz qələbəsi saya bilər. Əsl “Time” yalnız bir ilin deyil, bir əsrin lideri olmaqdır!"

Türkan İSGƏNDƏRLİ