"Gürcüstanda Prezidentin hətta məktəbliləri də etiraza səsləməsi, vəziyyəti daha da ağırlaşdırır" - Keçmiş deputat
"Gürcüstanda belə etiraz aksiyalarının keçiriləcəyi gözlənilən idi. Hələ seçkilərdən bir neçə ay öncə Avropa İttifaqı rəsmiləri özləri bildirirdilər ki, Gürcüstandakı parlament seçkilərinə yaxşı hazırlaşmaq lazımdır. Yəni onlar bu cür etiraz aksiyalarının təşkilini nəzərdə tuturdular. Çünki belə etiraz aksiyalarını təşkil etmək üçün kifayət qədər imkanları mövcuddur".
Bu sözləri Redaktor.az-a keçmiş deputat, siyasi ekspert Elşad Mirbəşiroğlu Gürcüstanda baş verən prosesləri şərh edərkən dedi. Onun sözlərinə görə, Gürcüstanda 25 minə qədər qeyri-hökumət təşkilatı Avropa maliyyəsi hesabına fəaliyyət göstərir:
"Qeyri-hökumət təşkilatları öz sıralarında çox sayda insanları birləşdirir və Qərb lazım gəldiyi təqdirdə o insanlardan bir təzyiq aləti kimi etirazların təşkil olunması üçün istifadə edir. Nəzərə almaq lazımdır ki, Gürcüstanda "Xarici agent haqqında" qanun qəbul olunduqdan sonra Avropa İttifaqı ilə Gürcüstan arasında münasibətlərdə çox sürətlə soyuqlaşma müşahidə olundu. Hətta Avropa İttifaqı rəsmiləri də Gürcüstanın üzvlüyə namizədliyinə yenidən baxılacağını, ona qarşı sanksiyaların tətbiq olunacağını da səsləndirirdilər. Sözsüz ki, bütövlükdə bu, münasibətləri gərginləşdirirdi. Gürcüstanın Baş naziri Kobaxidze isə Avropa İttifaqı ilə danışıqların dayandırılması ilə bağlı mövqe bildirdikdən sonra etiraz aksiyaları daha da şiddətlənməyə başladı. Düşünürəm ki, burada kompromis tapmaq çətin olacaq. Nəyə görə? Çünki Avropa İttifaqının, Qərbin əsas istəyi bütövlükdə Gürcüstanda özünə tam loyal olacaq siyasi rejimi formalaşdırmaqdan ibarətdir. Ona görə də gürcü hakimiyyəti buna qarşı müqavimət göstərəcək".
Politoloqun sözlərinə görə, Gürcüstanda Prezident Salome Zurabişvilinin etirazçıların tərəfini saxladığı üçün gərgin vəziyyət hələ bir müddət davam edəcək.
"Etiraz aksiyaları çox dəqiqliklə koordinasiya olunur və çox dəqiqliklə hazırlanıb. Çünki "Molotov kokteylləri" və digər zorakılıq vasitələri tətbiq olunmaqdadır. Etirazçılar qidalarla təmin olunur, yəni kifayət qədər maliyyə vəsaiti də etirazların əsas hərəkətverici element rolunda çıxış edir. Bu da onu göstərir ki, bu etirazlar mütəşəkkil təşkil olunubdur və bu etirazlar kənardan çox ciddi dəstək almaqdadır. Burada vətəndaş qarşıdurması vəziyyəti də yarana bilər. Belə olacağı təqdirdə hakimiyyət böhranı Gürcüstanda daha da dərinləşə, kəskin xarakterli ola bilər. Bu da sözsüz ki, ölkəyə ciddi zərbələr vuracaq. Çünki burada artıq prezidentin hətta məktəbliləri də etiraza səsləməsi, vəziyyəti daha da ağırlaşdırır. Yəni ki, belə olacağı təqdirdə "Gürcü Arzusu" hökuməti etirazların qarşısını almaq üçün əlavə tədbirlər görmək məcburiyyətində qala bilər. Avropa İttifaqının əsas hədəfi ondan ibarətdir ki, Gürcüstanda növbəti rəngli inqilab baş tutsun, hakimiyyət çevrilişi olsun, prezident də məhz bunun üçün çalışmaqdadır. Amma hakimiyyət çevrilişi bir ölkəyə, heç bir halda müsbət hansısa nəticələr vəd etmir. Bu baxımdan düşünürəm ki, bu, Gürcüstan üçün növbəti bir zərbə ola bilər. Amma "Gürcü Arzusu" hökuməti də oturuşmuş bir hakimiyyətdir və bütün hallarda prosesləri nəzarət altında saxlamaq imkanına sahib olacaq", - deyə Elşad Mirbəşiroğlu bildirdi.
Türkan İSGƏNDƏRLİ