"ATƏT-in Minsk qrupu ləğv edilə bilər" - AÇIQLAMA
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Maltanın paytaxtı Valetta şəhərinə işgüzar səfərə gedib. Nazir səfər çərçivəsində ATƏT-in Xarici İşlər Nazirləri Şurasının 31-ci iclasında iştirak edəcək.
Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq Abutalıb Səmədov bildirdi ki, burada ATƏT-n Nazirlər Şurası Minsk Qrupunun ləğv olunması haqqında qərar qəbul edə bilər.
"ATƏT-in Nazirlər Şurasının iclasında xarici işlər nazirimizin qatılması bizim üçün mühüm hadisədir. Məlumdur ki, 1992-ci il mart ayının 24-də ATƏT-in Nazirlər Şurası Minsk konfransını yaradıb və sonradan bu, Minsk Konfransı Minsk qrupuna çevrilib. Uzun müddətdir ki, Azərbaycan Ermənistana təklif edir ki, birlikdə ATƏT-in Minsk qrupunun ləğv olunması məsələsini qaldırsınlar. Minsk qrupunun ləğv olunması məsələsi barədə qərarı isə ATƏT-in Nazirlər Şurası verməlidir. İndi ümid edək ki, bu toplantıda ATƏT-in Nazirlər Şurası Minsk Qrupunun ləğv olunması haqqında qərar qəbul edəcək və bu təşəbbüslə Azərbaycanla yanaşı Ermənistan da çıxış edəcək".
Politoloqun sözlərinə görə, iclas çərçivəsində bir sıra mühüm görüşlər və müzakirələr baş tutacaq.
"Bu toplantılarda ATƏT-ə daxil olan dövlətlərin xarici işlər nazirləri iştirak edir və onların arasında ikitərəfli görüşlər keçirilir. Bu görüşlərdə, təbii ki, çox mühüm məsələlər müzakirə olunur. Bu baxımdan ATƏT-in Nazirlər Şurasının iclasları bizim üçün çox əhəmiyyətlidir. Həmin iclasda, həm Minsk qrupun ləğv olunması ilə bağlı məsələnin müzakirə olunması, həm də xarici işlər nazirimiz Azərbaycan üçün faydalı olan görüşlər və müzakirələr keçirilməsi ümid ediləndir", - deyə A.Səmədov qeyd etdi.
Türkan İSGƏNDƏRLİ