"Onlar Qərbi Azərbaycan məsələsinin gündəmə gəlməməsini istəyirlər" - Səfirlərin təxribatına CAVAB

 15:56 05.12.2024     303

Avropa İttifaqı (Aİ), eləcə də ABŞ, Böyük Britaniya və İsveçrə səfirləri Azərbaycanda “jurnalistlər” və “siyasi fəallar”ın saxlanması bağlı ittihamlar irəli sürüblər. Bu fikirlərin “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda II beynəlxalq konfransın keçirilməsi vaxtı səsləndirilməsi Qərbin Azərbaycanın uğurlarını hələ də qəbul etmədiyini göstərir.

Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq Samir Hümbətov bildirdi ki, bu qüvvələr Qərbi Azərbaycan məsələsinin gündəmə gəlməsini istəmirlər.

"Qərbi Azərbaycan məsələsi Azərbaycan, azərbaycanlılar, xüsusilə də o ərazidən qaçqın düşmüş şəxslər üçün ciddi mənəvi, tarixi, şəxsi məsələdir. Bunu anlamaq üçün gərək Qərbi azərbaycanlı, azərbaycanlı olasan, millətini, dövlətini sevəsən. Qərbi Azərbaycanla bağlı bir tədbirin keçirilməsi zamanı "jurnalistlər", "siyasi fəallar"ın bu cür aktivləşməsi, onların xaricdən maliyyələşməsi, xaricdən aldığı pulların qarşılığını ödəməsi məsələsini təsdiqləyir. Qərb dövlətlərinin, Avropa İttifaqının, eləcə də ABŞ və İsveçrə səfirlərinin bu cür yanaşmasına gəldikdə isə onlar Qərbi Azərbaycan məsələsinin gündəmə gəlməməsini istəyirlər. Biz tarixə nəzər salsaq, görəcəyik elə Ermənistan dövlətinin dövlət olaraq yaranması məsələsində də ABŞ-nin böyük xidmətləri olub. Onlar bu dövlətin hüquqi olaraq yaranmasını Paris sülh konfransında ortaya qoyublar və bu onu göstərir ki, himayədarlıq siyasətini həyata keçirməyə çalışırlar. Amma reallıq bundan ibarətdir ki, Qərbi Azərbaycan məsələsi aktualdır, hər formada beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılır".

Politoloqun sözlərinə görə, beynəlxalq konvensiya Qərbi azərbaycanlıların yurdlarına qayıtmasını inkar etmədiyi üçün Qərb dövlətləri bu cür təxribatlara əl atır.

"Azərbaycanın daxili işlərinə qarışmaq və maraqlarını heçə saymaq siyasəti tutan Qərb dövlətləri və onun əlaltıları olan "jurnalistlər" belə addımlar atırlar. Bu, bizi yolumuzdan döndərə bilməz. Azərbaycan dövləti, azərbaycanlılar Qərbi Azərbaycan məsələsinə olduqca həssas yanaşır və xüsusilə diqqət göstərirlər. Qərbi azərbaycanlıların ora qayıdıb yaşamaq haqqı, hüququ var və bunu beynəlxalq hüquq, heç bir konvensiya inkar etmir. Bu gün Azərbaycanın hüquqlarını pozacaq hər hansı bir beynəlxalq konvensiya yoxdur. Belə olduğu halda onlara bu cür təxribatlara əl atmaq qalır. Qarayaxma kampaniyasının aparılmasının hər hansı bir nəticə verəcəyini düşünmürəm", - deyə S.Hümbətov bildirdi.

Türkan İSGƏNDƏRLİ