Paşinyanın qovduğu deputat Əliyevlə danışıqların detallarını SIZDIRIB
“Baş nazir Nikol Paşinyan gəlib Azərbaycan Prezidenti Əliyevlə görüşün təfərrüatlarını bizə danışır, o, dövlət sirri olan məlumatları bizimlə bölüşür və deputat da bu danışılan hər şeyi kənarda açıqlayır. Məgər bu yaxşıdır?”.
Redaktor.az xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan dekabrın 5-də jurnalistlərlə söhbətində hakim “Mülki müqavilə” partiyasından qovulan deputat Ovik Ağazaryanın davranışını şərh edərkən bildirib.
“Biz məlumatların haradan sızdırıldığını anlamaq üçün xeyli vaxt axtarış apardıq”, - spiker əlavə edib.
Alen Simonyan deyib ki, hakim partiya bu məsələ aşkara çıxandan sonra deputatın davranışını bağışlaya bilməzdi. Çünki söhbət Ermənistanın təhlükəsizlik məsələlərindən gedir: “Məgər hər şey olduğu kimi qalmalı idimi?”.
Simonyanın sözlərinə görə, hakim partiyanın parlament fraksiyası deputat Ovik Ağazaryanın hərəkətlərindən çox pərişan olub.
“Biz kənardan gələn məlumatları eşidən kimi sızma ilə bağlı narahat olduq. Biz sızdırmanın kim tərəfindən edildiyini isə bilmirdik.
Bir müddət əvvəl elə hallar olub ki, Azərbaycanla danışıqlar nəticəsiz qalıb, razılaşmaları pozduğumuz, nəsə ucadan danışdığımız, sızıntılar etdiyimiz üçün münasibətlər də pisləşib. Bundan sonra gedin sübut edin ki, bu fraksiya üzvü müsahibə verib və ya məlumatı qəsdən deyil, səhvən açıqlayıb”, - spiker vurğulayıb.
Simonyan deyib ki, əgər deputat Ovik Ağazaryan utanmırsa, qoy telefonundakı gizli yazışmaları dərc etsin.
Parlamentin spikeri əmin edib ki, Ağazaryan Paşinyanın xahişi ilə mandatını tərk etsə, yenə də nəticələrdən qaça bilməyəcək.
“Birinin digəri ilə əlaqəsi yoxdur. Mandat xilas etmir”, - deyə o vurğulayıb.
Hakim “Mülki müqavilə” partiyası bir neçə gün öncə bəyan edib ki, deputat O.Ağazaryan dövlət və partiya əhəmiyyətli məlumatların sızması, eləcə də mənəvi normaların kobud şəkildə pozulması səbəbindən siyasi təşkilatdan qovulub.
Baş nazir Nikol Paşinyan Ovik Ağazaryana deputat mandatını da təhvil verməyi təklif edib, lakin o, bu təkliflə razılaşmayıb.
O.Ağazaryan bu gün jurnalistlərə deyib ki, Ermənistan parlamentində baş prokurorun onun toxunulmazlıqdan məhrum edilməsi məsələsini qaldıra biləcəyini istisna etmir.
“Mən bunu istisna etmirəm”, - deyən erməni deputat keçmiş həmkarlarının ittihamlarını rədd edərək, hansısa məlumatı sızdırmadığını qeyd edib.
Bütün bunlardan sonra onu nələr gözlədiyini soruşduqda deputat jurnalistlərə belə cavab verib:
“Sizin və vətəndaşların təxəyyülü məni qarşıda nələrin gözlədiyini və hansı vəziyyətdə olduğumu təsəvvür etməyə kifayət etməyəcək. Amma qurban olmağa hazırlaşıram”.
O, mandatını könüllü olaraq təhvil verəcəyini istisna edib (modern.az).