Ermənistanın müdafiə xərclərini artırması sülhün bərqərar olmasını çətinləşdirə bilər - Komitə sədri
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Ermənistanın sürətlə silahlanmasının dayanıqlı sülhün əldə olunmasını əngəllədiyini bildirib.
Ermənistanın Baş naziri Nikol Paşinyan isə ötən gün açıqlamasında Azərbaycanla sülh razılaşmasına hazır olduğunu deyib. Bu cür çıxış edən Ermənistan tərəfi niyə hələ də silahlanmağa davam edir və bundan əl çəkərsə, sülh sazişinin imzalanması tezləşə bilərmi?
Mövzu ilə Redaktor.az-a danışan Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirdi ki, Ermənistan 2025-ci ilin dövlət büdcəsinin geniş hissəsini müdafiə sahəsinə ayırıb.
"Ermənistan parlamenti 2025-ci il üçün büdcəni təsdiq edib. Əsas məqam ondan ibarətdir ki, birmənalı şəkildə 2025-ci ilin büdcəsi əsas prioritet kimi müdafiədir. Yəni bu istiqamətdə ciddi artım var. Müdafiə üçün ayrılan vəsait 20 faiz artıb. Yəni 665 milyard dram (Ermənistanın pul vahidi) təxminən bir milyard 713 milyon dollar edir. Həm bu istiqamətdə, eyni zamanda Daxili İşlər Nazirliyinin maliyyələşdirilməsi 15 faiz artıb. Bu da hardasa 270 min dollar deməkdir. Paralel olaraq Ermənistan büdcəsində səhiyyəyə ayrılan vəsait azalıb. İndi siz təsəvvür edin, sosial məsələlərdən kəsilərək müdafiə, Daxili İşlər Nazirliyinin maliyyələşdirilməsi istiqamətində addımlar atırlar və eyni zamanda sülh müqaviləsinin imzalanması prosesində Qarabağdan köçən ermənilərə ipoteka verilməsi ilə bağlı ayrılan vəsait 3.5 dəfə artırılıb. Bu da təxminən 18.2 milyon dollar edir. Yəni hər istiqamət gətirib müdafiə xərclərinin artırılmasına çıxır.
Azərbaycan büdcəsinin müzakirəsində müdafiə və təhlükəsizlik üçün ayrılan rəqəmlərdən danışanda Ermənistan cəmiyyəti, əsasən onların iqtidar partiyaları və digərləri guya Azərbaycanın məhz müharibə xərclərinin artması məsələsini millitarizasiya olunmuş bir büdcə kimi qabartmaq istəyirdilər. Tam əksinədir. Çünki Azərbaycanda müdafiə-təhlükəsizlik xərcləri ilə bərabər, eyni zamanda əsas istiqamət kimi sosial məsələlər, Qarabağın dirçəlməsi, infrastrukturların yenidən qurulması, qaçqın və köçkün vətəndaşlarımızın ərazilərə qayıtması, minadan təmizləmə və sair kimi sahələr prioritet kimi götürülür. Amma burada sırf olaraq bunların büdcəsinin əsas istiqaməti birmənalı şəkildə müdafiədir".
Komitə sədrinin sözlərinə görə, Ermənistanın hərbi sahəyə maliyyə artımları birmənalı şəkildə sülhün bərqərar olmasını çətin amilə çevirir.
"Qanunvericilikdə səs verilən vaxtı 91 deputat səs verib, 61-i bunu dəstəkləyib, 30-u dəstəkləməyib. Dəstəkləməyənlərdə əsasən müxalifət nümayəndələridir. Yəni hakimiyyətin apardığı siyasətin sırf əleyhinə arqumentlər qoyulur, bu məsələlərlə bağlı açıqlamalar verilir. Ümumi desək, 2025-ci il üçün Ermənistan büdcəsi 2 trilyon 873 milyard dram (7.4 milyard dollar), xərclər isə 3 trilyon 42 milyard dramdır (7.8 milyard dollardır). Yəni 13 faiz keçən illə müqayisədə artıqdır. Yəni problemlər onlarda çoxdur, lakin belə artımlarla, məsələlərlə birmənalı şəkildə sülhün bərqərar olması çətin amilə çevrilə bilər. Eyni zamanda ermənilərə Qərb tərəfdən olan dəstəklər bizə onu göstərir ki, mütləq şəkildə bu müdafiəyə artımlar olamlıdır. Onların hərbi büdcəsinin 20 faiz artması Azərbaycana hər hansı bir təhdid yaratmır. Ermənistan danışıqlar prosesində də bunu arqument kimi ortaya qoya bilməz. Çünki Azərbaycan bilir ki, Ermənistan hansı dövlətlərin əlində bir vasitədir. Azərbaycan isə birmənalı şəkildə özünün daxili və xarici siyasətini müstəqil aparır və bu siyasətdən doğaraq öz büdcəsini formalaşdırır", - deyə Arzu Nağıyev vurğuladı.
Türkan İSGƏNDƏRLİ