Mandatı ləğv olunan deputatlar - Onlar səlahiyyətləri niyə İTİRDİLƏR
Azərbaycandakı seçkilərdə iştirak etmək hüququna malik olan hər bir vətəndaş Milli Məclisin deputatı seçilə bilər.
Milli Məclisdə təmsil olunmaq deputatlar üçün bəzi üstünlüklər deməkdir.
Səlahiyyət müddəti ərzində deputatın şəxsiyyəti toxunulmazdır.
Bu o deməkdir ki, deputat səlahiyyət müddəti ərzində cinayət başında yaxalanma hallarından başqa, cinayət məsuliyyətinə cəlb edilə bilməz, tutula bilməz.
Onun barəsində məhkəmə qaydasında inzibati tənbeh tədbirləri tətbiq edilə bilməz, axtarışa məruz qala bilməz, şəxsi müayinə edilə bilməz.
"Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" qanuna əsasən, deputata deputatlıq səlahiyyətlərinin həyata keçirilməsinə maneçilik törətməyə görə məsuliyyət var.
Milli Məclisin deputatları öz səlahiyyətlərini daimi icra edə bilmədikdə və qanunda nəzərdə tutulmuş digər hallarda onların səlahiyyətləri itirilir.
Azərbaycanda Milli Məclisin deputatı cinayət başında yaxalanarsa, həbs oluna bilər. Deputat cinayət üstündə yaxalanarsa, onu tutan orqan dərhal Azərbaycanın Baş prokurorluğuna xəbər verməlidir.
Deputatının toxunulmazlığına yalnız Baş prokurorun təqdimatına əsasən Milli Məclisin qərarı ilə xitam verilə bilər.
Deputat toxunulmazlığı ləğv olunduqdan sonra həmin şəxs adi vətəndaş statusunu alır.
Bu o deməkdir ki, onun haqqında cinayət işi başlanılıbsa, davam etdirilir, barəsində qətimkan tədbiri, o cümlədən, həbs qətimkan tədbiri seçilə bilər.
Deputat toxunulmazlığı əlindən alınan şəxs məhkəməyə təqsirləndirilən şəxs qismində cəlb edilə və ittiham oluna bilər.
Əgər məhkəmə hökmü olarsa və qüvvəyə minərsə, sonra artıq o deputat səlahiyyətlərinə də xitam verilir
Deputat toxunulmazlığının ləğvi hələ millət vəkiliyinə son verilməsi demək deyil.
Bu o deməkdir ki, deputatın yalnız toxunulmazlığı aradan götürülüb.
Amma o, qanuna uyğun olaraq Milli Məclisə gələ, hətta üzvü olduğu komitələrin iclaslarında iştirak da edə bilər.
Yalnız məhkəmə hökmü çıxdıqdan sonra, parlament ayrıca olaraq onun deputat fəaliyyətinə xitam verir.
Milli Məclisin İntizam komissiyasının da deputatın toxunulmazlığına xitam verilməsi haqqında Baş prokurorun təqdimatına Milli Məclisin Sədrinin göndərişi əsasında baxıb müvafiq rəy vermək və Milli Məclisin müzakirəsinə təqdim etmək haqqı var.
İntizam komissiyası Milli Məclisin Sədrinin təqdimatı əsasında da araşdırma aparmaq və müvafiq əsaslar aşkar etdikdə deputatın mandatından məhrum edilməsinə dair rəy verib Milli Məclisin Sədrinə təqdim edə bilər.
Bəs indiyə qədər deputat mandatı ləğv olunanlar kimlərdir? Modern.az-ın araşdırmasına görə, bu sırada xeyli eks-parlamenratın adı keçir. Onlardan bəziləri vəzifəyə getdikləri üçün mandatdan əl çəkməli olublar, digərləri həbs olunduqlarına görə deputatlıq səlahiyyətlərini itiriblər.
Beləliklə, Milli Məclisin səlahiyyətlərini itirimiş deputatlarınadn biri Eldəniz Səlimovdur. 2021-ci ilin iyulunda Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında E.Səlimovun polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində cinayət işi açılıb. E.Səlimov Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə ittiham olunub.
Ardınca Milli Məclisin üzvü Eldəniz Səlimovun deputatlığına xitam verilib. O, təqsirləndirilən şəxs qismində cəlb edilib, barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Daha sonra cinayət işi baxılması üçün aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Prosesdə Eldəniz Səlimova hökm oxunub və o, 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
2019-cu ildə Rafael Cəbrayılovun deputat mandatı əlindən alınıb. MSK sədri Məzahir Pənahovun sədrliyi ilə keçirilən iclasda V çağırış Milli Məclisinin deputatı Rafael Cəbrayılovun səlahiyyətlərinə xitam verilməsi məsələsinə baxılıb. İclada bildirilib ki, Rafael Cəbrayılovun mandatından imtina etməklə bağlı parlamentə müraciət etməsi ilə əlaqədar Milli Məclis onun deputat səlahiyyətlərinə xitam verilməsi üçün MSK-ya müraciət göndərib. Müraciət MSK üzvləri tərəfindən səsə qoyularaq qəbul edilib.
Qeyd edək ki, Milli Məclisinin III, IV və V çağırış deputatı olmuş Rafael Cəbrayılov mandatdan könüllü imtina etməyib, o buna məcbur olub. Belə ki, onun öz qulluq mövqeyindən istifadə edərək külli miqdarda ziyan vurmaqla dələduzluq törətməsi və digər faktlar üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanmaqla ibtidai istintaqı aparılıb. Daha sonra ona Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Həbsdə olan R.Cəbrayılov 2021-ci ilin sentyabrında Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə Müəssisəsində koronavirusdan dünyasını dəyişib.
IV çağırış Milli Məclisin üzvü olmuş Mübariz Qurbanlı 21 iyul 2014-cü ildə prezident İlham Əliyevin sərəncamı ilə Dini Qurumlarla İşlər üzrə Dövlət Komitəsinə sədr təyin edildikdən sonra Mərkəzi Seçki Komissiyası tərəfindən onun deputat səlahiyyətlərinə xitam verilib.
Qanunda da göstərilib: Azərbaycan Konstitusiyasının 89-cu maddəsinin 4-cü hissəsinə əsasən, Milli Məclisin üzvü dövlət orqanlarında vəzifə tutduqda Milli Məclisin üzvlüyündən istefa verməlidir. Dövlət orqanında vəzifə tutan Milli Məclis üzvü Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət etməli, MSK isə bu müraciətə 2 ay müddətində baxıb, millət vəkilinin mandatdan məhrum edilməsinə qərar verməlidir.
Deputat səlahiyyətlərinə xitam verilmiş şəxslərdən biri də 19 saylı Nərimanov birinci seçki dairəsindən Milli Məclisə deputat seçilmiş Əli Əhmədov olub. Belə ki, 2013-cü ildə Yeni Azərbaycan Partiyası sədrinin müavini, partiyanın icra katibi postunu tutan Əli Əhmədov oktyabrın 22-də prezident İlham Əliyevin sərəncamı ilə baş nazirin müavini təyin edilib. Konstitusiyanın 85-ci maddəsinə görə, icra hakimiyyəti sistemlərində qulluq edən şəxs Milli Məclisin deputatı ola bilməz. Ona görə də 2013-cü ilin noyabrın 12-də Mərkəzi Seçki Komissiyası deputat Əli Əhmədovun mandatına xitam verib.
Asəf Hacıyev də deputat mandatı ləğv edilmiş eks-parlamentarlardan biridir. Onun deputatlıq fəaliyyətinə 2015-ci ildə xitam verilib. Asəf Hacıyev 9 dekabr 2014-cü ildə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Assambleyasının baş katibi seçilib. Bundan sonra könüllü olaraq, deputat səlahiyyətlərinə xitam verilməsi üçün MSK-ya müraciət edib. Asəf Hacıyev IV çağırış Milli Məclisdə 8 saylı Nizami ikinci (Gəncə) seçki dairəsini təmsil edib.
Gülər Əhmədova da mandatdan məhrum edilmiş itirmiş keçmiş deputatlar sırasına dazildir. O, deputatlıqdan könüllü olaraq imtina etməsi barədə müraciətini aidiyyəti üzrə baxılmaq üçün Mərkəzi Seçki Komissiyasına göndərib. 2012-ci ildə G.Əhmədovanın məsələsi MSK-da səsverməyə çıxarılıb, nəticədə onun deputat mandatı ləğv edilib.
Qeyd edək ki, 2012-ci ilin sentyabrın 25-də Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayev tərəfindən Milli Məclisin sabiq deputatı Gülər Əhmədova ilə bağlı kütləvi informasiya vasitələrində yayımlanmış videoçəkilişlərdə əks olunan məlumatlar Bakı şəhər prokurorluğunda araşdırılıb. Qeyd edilən audio və videoyazılarda dələduzluğun, yəni etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmənin əlamətləri olduğundan həmin məlumatların hərtərəfli, tam və obyektiv araşdırılmasını təmin etmək məqsədilə çoxsaylı təxirəsalınmaz istintaq və istintaq-əməliyyat tədbirlərinin keçirilməsinin zəruriliyini nəzərə alaraq toplanmış material üzrə Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) maddəsi ilə cinayət işi başlanıb. G.Əhmədova barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçilib. 2014-cü ildə həbsdə olan sabiq deputat Gülər Əhmədovaya Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə 3 il sınaq müddəti təyin olunmaqla şərti cəza təyin edilib və o, məhkəmə zalından azadlığa buraxılıb.
Keçmiş deputat Hüseyn Abdullayevin də mandatı əlindən alınıb. H.Abdullayev 2005-ci ildə Milli Məclisə deputat seçilib. 2007-ci ilin martında Milli Məclisin iclaslarından birində, hökumətin illik hesabatı zamanı Hüseyn Abdullayevlə digər deputat, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı arasında əlbəyaxa dava olub. Həmin hadisədən sonra H.Abdullayevin deputat mandatı geri alınıb, özü isə həbs olunub. Sonradan isə o azadlığa buraxılıb. 2010-cu ildə Hüseyn Abdullayev 25 saylı Nizami II seçki dairəsindən növbəti dəfə deputat seçilmək istəsə də, namizəd kimi qeydə alına bilməyib.
110 saylı dairədən deputat seçilmiş Hikmət Atayev avtomobil qəzasında həlak olduğuna görə onun mandatı ləğv edilib.
Daha bir deputatın adı 2005-ci ilin parlament seçkiləri zamanı gündəmə gəlib. Həmin ilin oktyabrında Azərbaycanda dövlət çevrilişinə cəhd ittihamı ilə bir sıra yüksək rütbəli məmurlar həbs edilib. Onların sırasında iqtisadi inkişaf naziri Fərhad Əliyev, səhiyyə naziri Əli İnsanov, Prezident Administrasiyasının işlər müdiri Akif Muradverdiyevlə yanaşı, Milli Məclisin deputatı Fikrət Sadıqov da var idi. Sumqayıtdan Milli Məclisə deputat seçilmiş Fikrət Sadıqov uzun illər bu şəhərin kimya zavodlarına rəhbərlik etmişdi. Milli Məclis dövlət çevrilişinə cəhddə ittham olunan deputatı Baş Prokurorluğun parlamentə müraciətindən sonra toxunulmazılq hüququndan məhrum edib. F.Sadıqov bir müddət ev dustağı edildikdən sonra ictimai diqqətdən kənarda qalıb. O, hazırda Milli Elmlər Akademiyasının institutunda çalışır.
2003-cü ildə keçirilən prezident seçkiləri zamanı baş verən qarşıdurmanın nəticəsi o zaman Milli Məclisin deputatı İqbal Ağazadə üçün ağır oldu. Seçkilərdən sonra, 15-16 oktyabr 2003-cü ildə baş verən vətəndaş qarşıdurması ciddi fəsadlara gətirdi. Həmin vaxt müxalifət blokunda təmsil olunan deputat İqbal Ağazadəyə “kütləvi iğtişaş” maddəsi ilə cinayət işi açıldı və o həbs olundu. Parlament onun toxunulmazlıq hüququnu əlindən aldı və deputatlıq mandatı ləğv olundu. 2005-ci ilə qədər həbsdə qalan eks-deputat sonradan prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa çıxdı.