Yaxın Şərqdə yeni Türk dövləti yaradılır? - "Türkiyəni qaralamaq istəyirlər"

 15:38 06.12.2024     393

Suriyada baş verən son hadisələrdən sonra Türkmaneli Respublikasının yaradılması fikirləri ortaya çıxıb. Hətta daha öncə də İraq Türkman Cəbhəsinin rəhbəri, Kərkük millət vəkili Ərşad Salehi Hələbdən başlayıb Mendelidə (İranla sərhəd) bitən ərazidə Türkmaneli Respublikasının yaradılması haqda çağırış etmişdi. 

Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq Natiq Miri bildirdi ki, qlobal güclər bu fikirləri ortaya ataraq, Türkiyəni günahlandırmaq istəyirlər:

"Bu bir fikirdir, ortalığa atılıb, ancaq bu sadəcə bir fikir olaraq mövcud deyil. Həm də bir tarixdir və bu ərazilər zamanında Osmanlının olub. Ona görə də belə bir fikirlərin səsləndirilməsi normaldır. Ancaq başqa tərəfdə bunu xüsusi olaraq ortalığa atan qlobal güclər, onlara xidmət edən şəbəkələr var. Bu gün Suriyada çox ciddi bir dirəniş, eyni zamanda ciddi bir hərbi əməliyyatlar keçirilir. Yəni Bəşər Əsəd rejiminin zülmündən qurtulmaq üçün Suriya xalqı ölümün gözünə dik baxaraq hərbi əməliyyatlarda döyüşür, şəhid olurlar. Belə bir vəziyyətdə Türkiyənin guya bu cür gizli niyyətləri olmuş kimi göstərmək istəyənlər var. Bu da Türkiyəni qaralamaq, ittiham etmək üçündür. Baxmayaraq ki, Türkiyə birbaşa prosesdə iştirak etmir, eyni zamanda Türkiyə bəyan edir ki, Suriyanın, o cümlədən İraqın bütövlüyündən yanadır. Xatırlayırsınızsa, 2017-ci ildə Şimali İraqın guya müstəqilliyini elan etmək üçün bir referendum keçirildi. Kimlərsə unudubsa, yaddaşları təzələyək, bunun qarşısını kim aldı? Məhz qardaş Türkiyə. Çünki bu, İraqın parçalanmasına aparan yol idi və bununla məhdudlaşmayacağını Türkiyə çox gözəl bilirdi. Çünki onun sərhədləri boyunca kürd dövləti adı altında bir terror dövləti yaradılırdı. Türkiyə dövləti bilirdi ki, Böyük Kürdüstan adı altında əslində İsrailin vəd edilmiş torpaqlar kontekstində qayəsinə, ideologiyasına xidmət var. Yəni bu, böyük İsrail layihəsinin tərkib hissəsi idi. Amerika Birləşmiş Ştatları, Fransa, Böyük Britaniya bu layihəyə dəstək verirdi".

Diaspora.tv - Diaspor məsələsində hər şey geridə qalmalıdır - Natiq Miri

Politoloqun sözlərinə görə, Türkmaneli dövlətinin yaradılması, bu, dolayısı ilə İraqın və Suriyanın parçalanmasına aparır.

"Belə bir dövlət yarandığı təqdirdə Suriya sadəcə iki yerə deyil, bir neçə yerə bölünmək məcburiyyəti ilə üzləşəcək. Bu da yenə regionda müəyyən qlobal güclərin geosiyasi maraqlarının təzahürü kimi ortaya çıxacaq ki, müəyyən qarışıqlıq, təhlükəsizliyə ciddi bir təhdid olaraq mövcud olacaq. Buna görə də prosesin təbii olaraq yetişməsini gözləmək lazımdır. Bunun üçün öncə Əsəd rejiminin süqutuna nail olmaq lazımdır. Sonra bütün etnik qurumların iştirakı ilə müvəqqəti Suriya hökuməti bərqərar olmalıdır və perspektivdə də bütün zümrələrin, bütün xalqların siyasilərin iştirakı ilə demokratik bir seçki keçirərək, Suriya dövləti yaratmaq olar. Suriyanın da, İraqın da inkişafı bununla əlaqəlidir", - deyə N.Miri vurğuladı.

Türkan İSGƏNDƏRLİ