Bu vəzifə sahibləri üçün yaş həddi müəyyən edilir - QANUN

 14:29 09.12.2024     511

Diplomatların fəaliyyətinə hansı hallarda xitam verildiyi məlum olub.

Redaktor.az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin bu gün keçirilən birgə iclasında müzakirəyə çıxarılan “Diplomatik xidmət haqqında” qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, diplomatik xidmət orqanı əməkdaşının xidmətinə aşağıdakı əsaslarla xitam verilir:

- öz arzusu ilə xidmətə xitam verilməsi barədə ərizə yazdıqda;

- diplomatik xidmət orqanlarından kənar ödənişli vəzifəyə təyin edildikdə və ya seçildikdə (Diplomatik xidmət orqanı əməkdaşlarının beynəlxalq təşkilatların orqanlarında işləməyə göndərilməsi hal istisna olmaqla);

- əmək qabiliyyətinin fasiləsiz olaraq 6 (altı) aydan çox müddətə tam itirilməsi ilə əlaqədar xidmət funksiyasını yerinə yetirə bilmədikdə;

- diplomatik xidmət orqanının ştat vahidləri ixtisar edildikdə;

- diplomatik xidmət əməkdaşı attestasiyanın nəticələrinə görə tutduğu vəzifəyə uyğun olmadıqda;

- diplomatik xidmət orqanlarından xaric edildikdə;

- diplomatik rütbədən məhrum edilməklə diplomatik xidmət orqanlarından xaric edildikdə;

- Staj və ya sınaq müddəti müvəffəqiyyətlə başa vurmadıqda;

- Azərbaycan Respublikasının vətəndaşlığına xitam verildikdə;

- diplomatik xidmət orqanlarında xidmətə qəbul məqsədilə təqdim edilmiş sənədlərdə bilərəkdən təhrif olunmuş məlumatların qeyd edilməsi aşkar edildikdə;

- barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair qərarı olduqda;

- məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə;

- bu Qanunun 29.1-ci maddəsi (Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən vəzifəyə təyin olunan diplomatik xidmət əməkdaşlarının diplomatik xidmətdə olmalarının yaş həddi müəyyən edilmir) nəzərə alınmaqla, diplomatik xidmət orqanlarında xidmətdə olmanın yaş həddinə çatdıqda və xidmətdə olma müddəti uzadılmadıqda;

- vəfat etdikdə, habelə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə xəbərsiz itkin düşmüş və ya ölmüş elan edildikdə.
- diplomatik xidmət orqanının ştat vahidləri ixtisar edildikdə diplomatik xidmət orqanı əməkdaşı və diplomatik xidmət əməkdaşı attestasiyanın nəticələrinə görə tutduğu vəzifəyə uyğun olmadıqda diplomatik xidmət əməkdaşı diplomatik xidmət orqanlarında digər vəzifəyə keçirilməkdən imtina etdikdə onun xidmətinə xitam verilir.

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən vəzifəyə təyin edilən diplomatik xidmət orqanı əməkdaşının əmək qabiliyyətini müvəqqəti itirdiyi (əmək qabiliyyətinin fasiləsiz olaraq 6 (altı) aydan çox müddətə tam itirilməsi ilə əlaqədar xidmət funksiyasını yerinə yetirə bilmədiyi hal hal istisna olmaqla), məzuniyyətdə və ezamiyyətdə olduğu dövrdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəhbərinin təşəbbüsü ilə onun diplomatik xidmət orqanlarında xidmətinə xitam verilə bilməz.

Diplomatik xidmət orqanı əməkdaşı öz təşəbbüsü ilə diplomatik xidmət orqanında xidmətinə xitam verilməsi barədə ərizə təqdim etdiyi və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəhbərinin xidməti davam etdirmək barədə qərarı olduğu təqdirdə, həmin əməkdaş ərizə təqdim etdiyi tarixdən etibarən 30 (otuz) təqvim günü müddətində xidmətini davam etdirməlidir. Diplomatik xidmət orqanı əməkdaşı pensiyaya çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, başqa təyinatlı və ya seçkili vəzifə tutduqda və qanunda nəzərdə tutulan digər hallarda onun ərizəsində göstərildiyi tarixdən xidmətinə xitam verilir.

Layihəyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən vəzifəyə təyin olunan diplomatik xidmət əməkdaşlarının diplomatik xidmətdə olmalarının yaş həddi müəyyən edilir.

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən vəzifəyə təyin olunan diplomatik xidmət əməkdaşlarının diplomatik xidmətdə olmalarının yaş həddi 65 yaşdır.

65 yaşına çatmış diplomatik xidmət əməkdaşlarının xidmətdə olma müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəhbəri tərəfindən hər dəfə 1 (bir) ildən çox olmayaraq 5 (beş) ilədək uzadıla bilər. Buna uyğun olaraq xidmətdə olma müddəti uzadılmış diplomatik xidmət əməkdaşlarının sayı diplomatik xidmət orqanlarının ümumi ştat vahidi sayının 15 (on beş) faizindən artıq olmamalıdır.