Bəşər Əsəd niyə Rusiyaya sığındı? - Xərçəng xəstəliyi, yoxsa böyük mülklər?
Məlum olduğu kimi, Suriyanın devrilmiş prezidenti Bəşər Əsəd və ailəsi Moskvaya gedib. Ona və ailəsinə Rusiya tərəfindən sığınacaq verilib.
Bəs nə üçün Bəşər Əsəd Rusiyaya sığındı?
Bu barədə politoloq Elxan Şahinoğlu Redaktor.az-a açıqlamasında bildirdi ki, onun qaçmaq üçün cəmi iki məkanı var idi.
"Bu, ya İran ola bilərdi, ya Rusiya ola bilərdi. Çünki hər ikisi Əsəd rejiminə dəstək verirdi. Rusiyanı ona görə seçdi ki, birincisi, yoldaşı orada xərçəng xəstəliyindən müalicə alır. Həm də vaxtilə Əsəd Moskvada böyük mülklər alıb. Birinci səbəb bu idi. İkinci səbəb isə ola bilsin, Əsəd İrana o qədər etibar etmir. Düşünür ki, İran onu Suriyaya gələcəkdə təhvil verə bilər. Amma Rusiya belə etməz. Çünki Rusiya keçmişdə Ukraynanın keçmiş lideri Viktor Yanukoviçə də sığınacaq verdi".
Politoloqun sözlərinə görə, Rusiya silahlı müxalifətə qarşı mübarizədə daha çox Əsədə dəstək verirdi, amma Rusiyanın Əsədə verdiyi bu dəstək ona baha başa gələcək.
"Cinayətlər bir-bir üzə çıxır: türmələrdə nə qədər işgəncələr, ölüm halları, bombalamalar, kimyəvi silahdan istifadə... Suriyadakı yeni hakimiyyət və beynəlxalq məhkəmə də Əsədi tələb edəcək. Rusiyaya təzyiq daha da artacaq. Bundan əlavə, Rusiya Suriyadakı iki hərbi bazasını təhlükə altına atdı. Çünki Əsədə sığınacaq verməklə Suriyanın yeni hakimiyyəti ilə münasibətlərini artıq indidən korlanmış oldu. Ona görə də Rusiyanın Suriyada iki hərbi bazasını saxlamaq çətin olacaq", - deyə E.Şahinoğlu vurğuladı.
Sevinc İBRAHİMZADƏ