"Suriyadakı sabitliyi Türkiyə təmin edə bilər" - Asim Mollazadə

 14:57 11.12.2024     304

Suriyada Bəşər Əsəd rejimi süquta uğrasa da, ölkədə hələ də gərginlik davam edir. Görünən odur ki, hələ bundan sonra da beynəlxalq qüvvələr Suriya üçün mübarizə aparacaq. Müharibənin qurbanları həmişə xalq olur. Artıq dünyanın əksər ölkələri Suriya miqrantlarının qəbulunu dayandırıb. 

Bəs BMT və digər təşkilatlar Suriya üçün niyə işlər aparmır?

Mövzu ilə bağlı Redaktor.az-a danışan millət vəkili Asim Mollazadə bildirdi ki, beynəlxalq təşkilatlar heç vaxt bir xalqın müdafiəsini təmin etməyib.

"BMT və digər beynəlxalq təşkilatların fəaliyyətlərində aciz qalmağını biz illər boyu görmüşük. Bu təşkilatlar sadəcə olaraq toplanan maliyyə vəsaitlərini siyasi turizmə, özlərinə xərcləyirlər. Lakin onlar bu vəsaitlə heç vaxt hansısa bir xalqın müdafiəsini təmin etməyiblər. Bir milyona yaxın Azərbaycan qaçqını 30 ildir bunların fəaliyyətsizliyindən əzab çəkib. Bu dövrdə BMT-də bununla bağlı ciddi islahatlar olmadı. Onların indiyədək fəaliyyəti qənaətbəxş deyil". 

Deputat həmçinin Azərbaycanın Türkiyəni daim dəstəklədiyini və Suriya xalqına humanitar yardım göstərməyə hazır olduğunu qeyd etdi.

"Suriyaya BMT və digər beynəlxalq təşkilatlar real kömək etməlidirlər. Fikrimcə, Suriyadakı sabitliyi Türkiyə təmin edə bilər. Digər qonşu ölkələri bu istiqamətdə öz səylərini Türkiyə ilə birləşdirməli və beynəlxalq terrora qarşı ciddi mücadilə aparmalıdırlar. Azərbaycan da hər zaman Türkiyəni bu istiqamətdə dəstəkləyib və bununla yanaşı, Azərbaycan Suriya xalqına humanitar yardım göstərməyə hazır olduğunu bildirib", - deyə Asim Mollazadə bildirdi.

Türkan İSGƏNDƏRLİ