Rusiya Əsədi Suriyaya təhvil verəcək? - AÇIQLAMA
Suriya Prezidenti Bəşər Əsədin ölkədən Rusiyaya qaçması ilə Əsəd rejimi devrilmiş oldu. Bunun ardınca suriyalı müxaliflər Dəməşqdə gizli dörd mərtəbəli yeraltı həbsxana və işgəncə yerləri aşkar ediblər. Bu da Əsədin xalqına zülm verdiyi və cinayətkar olduğunun göstəricisidir. Çox güman ki, qarşıdakı vaxtlarda Suriyanın yeni hakimiyyəti Əsədin ölkəyə gətirilib mühakimə olunması üçün hüquqi prosedurlara başlayacaq. Hətta bunun üçün Beynəlxalq Cinayət Məhkəməsi (BCM) ilə əməkdaşlıq da oluna bilər.
Bəs bu zaman Rusiya Bəşər Əsədi BCM-ə və ya Suriyaya təhvil verə bilərmi?
Mövzu ilə bağlı Redaktor.az-a danışan siyasi şərhçi Murad Sadəddinov bildirdi ki, Bəşər Əsədlə bağlı axtarışlar olsa da, Rusiya onu Suriyaya təhvil verməyəcək:
"Bəşər Əsədin Beynəlxalq Cinayət Məhkəməsinə verilməsi ilə bağlı fikirlər məncə qeyri-mümkün görünür. Ona görə ki, birincisi, Rusiyanın özünün Beynəlxalq Cinayət Məhkəməsi ilə problemləri var. Rusiya hər hansı bir qurumla əlaqə qurmaq və yaxud danışıqlar aparmaq niyyətində deyil. İkincisi, Suriya Beynəlxalq Cinayət Məhkəməsinin üzvü deyil. Buna görə orada bu məsələ müzakirə mövzusu deyil. Çox güman ki, bu günləri Suriyada yeni hökumət ya xüsusi komissiya, ya da qurum yaradacaq. Əsəd rejiminin öz xalqına qarşı işgəncə, cinayətlər kimi zorakılıq və haqsızlıqlar araşdırılacaq. Çox güman ki, məhkəmələr keçiriləcək və nəticə etibarı ilə Əsədlə bağlı axtarış elan olunacaq. Ondan sonra Suriyanın yeni hökuməti Bəşər Əsədin verilməsinə görə Rusiyaya müraciət edə bilər. Ancaq hesab edirəm ki, Rusiyanın bugünkü hökuməti Bəşər Əsədi Suriyaya verməyəcək".
Politoloqun sözlərinə görə, tarix boyu bu cür hadisələr yaşanıb. Buna görə də Əsədin taleyinin nə olacağı məlum deyil.
"Tarixdən bir hadisəni nümunə gətirmək istəyirəm. Belə bir hallarda əgər hansısa bir dövlət cinayətkarı, başqa dövlətin tələbi ilə vermirsə, o demək deyil ki, bu, sona qədər davam edəcək. Vaxtilə SSRİ-nin himayəsi altında olan Almaniya Demokratik Respublikasının rəhbəri Erik Xoneker insanların Qərbi Almaniyaya sərhədi keçməsinə görə sərhəd qoşunlarına atəş əmri verməsində ittiham olunmuşdu. Bunun nəticəsində yüzlərlə insan həyatını itirmişdi. Bu ittiham ilə bağlı cinayət işləri qaldırılmışdı və o zaman Sovet İttifaqının rəhbəri Qorbaçov Erik Xonekeri Moskvaya yerləşdirmişdi və ona sığınacaq vermişdi. Qərbi Almaniya tərəfi onu tələb etməsələr də Qorbaçovdan sonra hakimiyyətə gələn Boris Yeltsin Xonekeri Almaniyanın hüquq-mühafizə orqanlarına təhvil vermişdi. Yəni tarix göstərir ki, bu cür hadisələr baş verir və dəqiq danışmaq həmişə tezdir", - deyə Murad Sadəddinov qeyd etdi.
Türkan İSGƏNDƏRLİ