Ermənistanın Konstitusiyası sülh sazişi üçün əsas maneədir - ŞƏRH
Azərbaycan və Ermənistan arasında sülh sazişi ilə bağlı irəliləyiş əldə olunsa da, hələ bəzi məsələlər həll olunmamış qalır. Bununla bağlı Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, Ermənistanla sülh müqaviləsi layihəsi preambuladan və 17 maddədən ibarətdir, artıq 15 maddə razılaşdırılıb.
Məsələ ilə əlaqədar Redaktor.az-a danışan politoloq Abutalıb Səmədov qeyd etdi ki, sülh sazişinin imzalanmasının qarşısında duran əsas maneə Ermənistan Konstitusiyasındakı müddəalardır.
"Sülh sazişi layihəsinin əvvəl 16 maddədən ibarət olduğu və onun 13-nün razılaşdırıldığı bildirilirdi. Sonradan 17 maddə olduğu deyildi. İndi 15 maddə razılaşdırıb, razılaşdırılmayan iki maddə barədə nə Azərbaycan, nə də erməni tərəfi məlumat verir və verə də bilməz. Çünki danışıqlar konfidensial aparılır. Ancaq sülh sazişinin imzalanmasının qarşısında ən böyük maneə Ermənistanda konstitusiyadır. Konstitusiyanın preambulasında Müstəqillik Bəyannaməsinə istinad var və o bəyannamədə də Qarabağın Ermənistanla birləşməsi elan olunur. Azərbaycan dəfələrlə tələb edib ki, bu müddəa Ermənistan Konstitusiyasından çıxarılsın. Amma Ermənistan buna getmək istəmir, iddia edir ki, bunun üçün referendum keçirilməlidir. Halbuki Ermənistan Konstitusiyasının 202-ci maddəsində referendum keçirilməli olan maddələr və fəsillər sadalanır. Orada preambula yoxdur. Yəni preambulanın dəyişdirilməsi üçün üç dəqiq səs çoxluğu kifayətdir. Paşinyanın da çoxluğu mövcud olsa da, nədənsə Azərbaycanın tələbi ilə preambulada dəyişiklik eləmək istəmir. Seçkilərdən sonrakı dövrdə bunu edəcəyini deyir. Seçkilər də 2026-cı ildə keçirilməlidir".
Politoloq hesab edir ki, əgər bu proses belə davam etsə, 2025-ci ildə sülh sazişinin imzalanması mümkün olmayacaq.
"Ancaq ümid edək ki, ABŞ-də yeni prezidentin seçilməsi ilə bu prosesi sürətləndirmək mümkün olacaq və erməniləri konstruktiv mövqeyə gətirib çıxaracaqlar. Düzdür, Ermənistan konstitusiyada olan problemləri Konstitusiya Məhkəməsinin həll etdiyini iddia edir. Çünki delimitasiya komissiyaları haqqında reqlament təsdiq edilərkən, Ermənistan Konstitusiyasının yalnız yazılanlardan ibarət olduğu bildirilib. Konstitusiyada Azərbaycanın ərazi bütövlüyünə qəsd, iddia yoxdur. İndi Ermənistan istəyir ki, biz bunu kifayətedici bir arqument sayaq və hesab edək ki, Ermənistanın Azərbaycana olan ərazi iddiaları artıq konstitusiyada yoxdur. Ancaq bu cür təkliflərdənsə, yaxşı olardı ki, o preambuladakı bir cümlə - Müstəqillik Bəyannaməsinə istinad oradan çıxarılsın və bununla da problem həll edilmiş olar. Bunu da parlamentdə üçdə iki səs çoxluğu ilə reallaşdırmaq mümkündür. Ermənilər hələ ki, bunu etmək istəmirlər və proses uzanır", - deyə A.Səmədov vurğuladı.
Türkan İSGƏNDƏRLİ