"Bu təklifi qəbul edən Ukrayna siyasətçisi ölümə məhkumdur" - Zərdüşt Əlizadə

 13:58 17.12.2024     109

Rusiya-Ukrayna müharibəsi günü-gündən şiddətlənir. Digər tərəfdən isə ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp buna son qoymağa nail olmaq üçün danışıqlara hazır olduğunu bildirib. O, hakimiyyətə gəlməmişdən öncə də dünyada müharibələri dayandırmağın əsas məqsədlərindən biri olduğunu demişdi. 

Bəs Tramp tərəfləri sülhə razı sala biləcəkmi?

Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq Zərdüşt Əlizadə bildirdi ki, sülhə mane olan səbəb tərəflərin öz mövqelərindən çıxışlarıdır.

"Sülhə nail olmaq əməli cəhətdən çox çətindir. Tərəflərin indiyəcən səsləndirdikləri fikirlər bir-birinə ziddir. Ukrayna iddia edir ki, biz ərazimizin itirilməsinə razı olmayacağıq, Rusiyanın Ukraynanı işğal etməsini qəbul etmirik və Ukrayna suveren dövlət kimi NATO-ya üzvlük ideyasından əl çəkməyəcək. Rusiya isə Ukraynanın NATO-da üzv olmasını qəbul etmir, rus ordusunun indiyə kimi işğal etdiyi bütün ərazilərin Rusiya Federasiyasının konstitsiyasına görə, onun ərazisində olduğunu və Ukraynaya qaytarılmayacağını bildirir. Qısacası, Ukrayna 1991-ci il sərhədlərini istəyir. Rusiya isə həmin torpaqları qaytarmayacağını, bundan da artığını etmək istədiklərini deyir. Görünür ki, bu mövqelər uzlaşmır".

Politoloqun sözlərinə görə, Trampın Rusiya və ya Ukraynanı geri çəkilməyə məcbur etmək, təzyiq göstərmək imkanı yoxdur.

"Belə şəraitdə Tramp necə Ukrayna hakimiyyətinə, xalqına deyə bilər ki, 25-30 faiz ərazidən imtina edin. Məsələn, gəlib Azərbaycan xalqını məcbur edə bilərdimi ki, Qarabağdan imtina edin, səsvermə keçirək və camaat gəlsin səs versin ki, biz Qarabağı istəmirik, ermənilərin halal xoşları olsun? Bu, mümkün deyildi. Eynilə Ukrayna da Donesk, Luqansk, Krım, Xersonun itirilməsinə razı ola bilər? Bu təklifi qəbul edən Ukrayna siyasətçisi ölümə məhkumdur, o, gərək mütləq siyasətdən getsin. Putin isə başa düşür ki, onun hakimiyyətdə qalmasının yeganə şərti onun Ukraynada hərbi qələbəsidir, əks halda onu devirəcəklər. O da ikiəlli yapışıb. Trampın Rusiya və ya Ukraynanı geri çəkilməyə məcbur etmək, təzyiq göstərmək imkanı yoxdur. Çünki Rusiya Amerikadan asılı deyil. Onların ticarəti çox güclü səviyyədədir. Rusiyaya qarşı sanksiyalar tətbiq edilib. Amma Rusiya Amerikanın maliyyə yardımı olmadan da yaşaya bilər. Onun nüvə silahı var. Dünyada nüvə bombalarının sayına görə Rusiya birinci yerdədir", - deyə Zərdüşt Əlizadə qeyd etdi.

Türkan İSGƏNDƏRLİ