"Azərbaycan nümunəsi Gürcüstan üçün çox önəmlidir" - Elman Nəsirov
Avropa İttifaqı son bir həftə ərzində başda Rusiya olmaqla, Çin, Hindistan, İran, Serbiya və Şimali Koreyaya sanksiyalar tətbiq edib. Bunlarla yanaşı Gürcüstanda dinc aksiyalara qarşı zorakılığın arxasında duran gürcü məmurlara sanksiyaların tətbiqi məsələsi də müzakirə olunub. Eyni zamanda ABŞ də yaxın günlərdə Gürcüstana sanksiyalar tətbiq edəcəyini bəyan edib. Bu cəza tədbirlərinin parlament və prezident seçkilərindən sonra görülməsi isə ortaya müəyyən suallar çıxarır.
Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Elman Nəsirov bildirdi ki, Avropa İttifaqı Gürcüstan xalqının seçimini qəbul etməkdə çətinlik çəkir və seçkinin nəticələrindən narazıdır.
"Gürcüstanda keçirilən parlament seçkilərinin nəticələri Avropa İttifaqını heç bir halda qane etməyib. Çünki Avropa İttifaqı istəyirdi ki, bu seçkilərin nəticəsində o qüvvələr hakimiyyətə gəlsin ki, onlar öz dövlətçilik maraqlarını kənara qoyub Qərbin, Avropa İttifaqının maraqlarına xidmət etsin. Lakin xalqın seçimi fərqli oldu. Xalq Kobaxidze hökumətinə səs verdi. Kobaxidze hökuməti də çox gözəl fərqində idi ki, Qərbin müəyyən dairələri, xüsusilə də Avropa İttifaqı seçkinin nəticələrinə təsir göstərmək istəyir və hətta hədələyirdi ki, əgər qutudan Avropa İttifaqının istədiyi adamlar çıxmasa, ölkədə vəziyyət gərginləşə bilər və proseslər xaotik mənzərəyə gedə bilər. Amma gürcü xalqı müdrik xalqdır. Xalq gördü ki, bu qüvvələrin əsl niyyəti nədir, onları heç bir halda gürcü dövləti və gürcü xalqının taleyi maraqlandırmır. Onları strateji niyyətlər maraqlandırır. Çalışırlar ki, necə Fransa vətəndaşı olan Zurabişvilini prezident etmişdilər, eyni qaydada da parlamenti ələ keçirsinlər və hökuməti də formalaşdırsınlar. Bununla da onların sözü ilə oturub-duran hökumət və parlament yaratsınlar. Ancaq onların bu niyyəti baş tutmadı, hakimiyyət ciddiyyət nümayiş etdirdi və nəticədə Qərb, Avropa İttifaqının ölkədə daxili vəziyyəti kritik həddə çatdırmaqla bağlı atdığı addımlar fiaskoya uğradı. Artıq Gürcüstanda prezident də seçildi.
İndi də buna görə Gürcüstana qarşı sanksiyalar tətbiq etməyə başlayıblar. Bunlar Avropa İttifaqı, Birləşmiş Ştatlardır".
Deputatın sözlərinə görə, Gürcüstan Azərbaycanın milli maraqlara əsaslanan siyasətindən nümunə götürür:
"Onların nəticəsi olmayacaq. Çünki əsas odur ki, bu hakimiyyəti gürcü xalqı müdafiə edir. Xalq-hakimiyyət birliyi var və bu olan yerdə bütün təzyiq və təhdidlər heç bir nəticə vermir. Həm də Gürcüstan Azərbaycan timsalında qonşu dövlətin strateji tərəfdaşının atdığı addımları da izləyir və görür ki, Azərbaycanın atdığı addımlar doğru, dürüst, milli maraqlara söykənən addımlardır. Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan xalqının milli maraqları ilə müstəqil siyasət həyata keçirir. Hesab edirəm ki, Azərbaycan nümunəsi də Gürcüstan üçün bu baxımdan çox önəmlidir".
Türkan İSGƏNDƏRLİ