Rusiya-Ukrayna müharibəsində böyük eskalasiya ola bilər - Ekspert
ABŞ Prezidenti Donald Trampın Ukrayna münaqişəsinə yanaşması geniş müzakirələrə səbəb olur. Belə ki, o, Ukrayna Prezidenti Volodimir Zelenskiyə müharibəni dayandırmaq barədə müraciət edib. Baxmayaraq ki, münaqişəni başladan tərəf Rusiyadır.
Mövzu ilə bağlı Redaktor.az-a danışan keçmiş deputat, siyasi ekspert Elşad Mirbəşiroğlu bildirdi ki, Trampın mövqeyində müəyyən ziddiyyətlər mövcuddur:
"Trampın yanaşmasında tam müəyyənlik mövcud deyil, çünki Tramp digər tərəfdən də Ukraynaya hərtərəfli dəstəyin davam etdirilməsinin vacibliyini bildirir. Avropa İttifaqına üzv olan ölkələrdən də tələb edir ki, əvvəlki həcmdə Ukraynaya dəstəklərini davam etdirsin. Bu, bir reallıqdır. Yəni belə olan halda Trampın müharibənin dayandırılması istəyinin nə dərəcədə səmimi olduğu haqqında hələ düşünmək lazımdır. Məsələnin digər tərəfi isə ondan ibarətdir ki, bundan sonrakı mərhələdə, yəni Ukraynaya uzaqmənzilli raketlərdən istifadəsi sonrakı mərhələdə münaqişəyə necə eskalasiya edəcək. Yəni burada da nikbin düşünmək üçün çox əsaslar mövcud deyil. Tramp seçki öncəsi də deyirdi ki, o, münaqişəni dayandıra biləcək. Bunun üçün onun potensialı mövcuddur. İndi görünür ki, Tramp seçki öncəsi verdiyi vədlərinə uyğun hansısa addım atmaq istəyir".
Politoloqun sözlərinə görə, Trampın təşəbbüsləri həm Ukrayna-Rusiya münaqişəsinə, həm də ümumilikdə qlobal təhlükəsizliyə təsir edə bilər. Lakin hazırkı vəziyyətdə sülhə nail olmaq üçün daha konkret addımların atılması zəruridir.
"Hesab edirəm ki, bütün hallarda danışıqlar baş tutmalıdır. Amma mövqelərin uzlaşdırılaraq, danışıqlar masası arxasında tərəfləri necə oturtmaq lazımdır, hələ bu sualın cavabı mövcud deyil. Bundan sonrakı mərhələdə də münaqişə elə bu templə davam edəcək. Amma düşünürəm ki, üzü yaza doğru daha da böyük eskalasiya ola bilər. Çünki artıq bildiyimiz kimi, Ukrayna tərəfi Rusiyanın dərinliklərini də vurur və Rusiya da eyni zamanda cavab reaksiyası nümayiş etdirir. Hər şeydən öncə eskalasiyanı şərtləndirəcək amillərin qarşısı alınmalıdır. Bu olmasa düşünürəm ki, tərəflər arasında ziddiyyətlər daha da dərinləşəcək və münaqişənin tənzimlənməsi imkanları daha da azalacaq. Amma indi Trampın hakimiyyəti dövründə bütövlükdə təkcə Ukrayna cəbhəsində deyil, dünya səviyyəsində münaqişə potensialı necə formalaşacaq, bunu da zaman göstərəcək. Amma Tramp dünyada sülh yaratmağa çalışır. Bu da bütövlükdə dünyadakı münaqişə potensialına, həmçinin də Ukrayna Rusiya arasındakı vəziyyətə təsir göstərə bilər", - deyə E.Mirbəşiroğlu qeyd etdi.
Türkan İSGƏNDƏRLİ