Azərbaycanın D-8-ə üzvlüyü ölkənin iqtisadi inkişafına yeni perspektivlər açır - ŞƏRH

 16:43 25.12.2024     386

Azərbaycan uğurlu siyasətini genişləndirməyə davam edir. Belə uğurlardan biri də ölkəmizin D-8 İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olmasıdır. Bu, Azərbaycanın beynəlxalq aləmə inteqrasiyasının uğurlu bir nümunəsidir. Azərbaycanın belə təşkilatlarda iştirakı, yerli iqtisadiyyatın güclənməsi, ticarət əlaqələrinin genişlənməsi və yeni investisiya imkanlarının yaranmasına şərait yaradır.

Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Azər Badamov bildirdi ki, Azərbaycan bu təşkilata üzv olmaqla islam həmrəyliyinin möhkəmlənməsinə, enerji, kənd təsərrüfatı, nəqliyyat, logistika və texnologiyalar sahəsində əməkdaşlığın genişlənməsinə töhfə verəcək.

"Misirin paytaxtı Qahirə şəhərində keçirilən D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının Samitində Azərbaycanı bu təşkilata üzvülüyünə qəbul edilməsi çox əlamətdar hadisədir. Dünya müsəlmanlarının 60%-ni, yəni 1,1 milyard insan olmaqla dünya əhalisinin 15%-ni  birləşdirən bu təşkilata üzv ölkələr arasındakı xarici ticarət dövriyyəsi 2 trilyon ABŞ dollarına çatmaqla qlobal ticarətin 4,5%-ni və 4 trilyon dollar ÜDM-ə malik bu təşkilata üzvlüyümüz Azərbaycana yeni imkanlar qazandıracaq.

Azərbaycan bu təşkilata üzv olmaqla islam həmrəyliyinin möhkəmlənməsinə, enerji, kənd təsərrüfatı, nəqliyyat, logistika və texnologiyalar sahəsində əməkdaşlığın genişlənməsinə töhfə verəcək. D-8-ə üzv olmaq, Azərbaycanın iqtisadi və strateji maraqlarına uyğun bir platforma təmin edəcək və ölkəmizin beynəlxalq aləmdə daha geniş bir təsir dairəsinə sahib olmasına imkan yaradacaq. Həm də D-8 Azərbaycan üçün yeni xarici bazar və iqtisadi əməkdaşlıq imkanları deməkdir. Üzv olduğumuz beynəlxalq təşkilatların coğrafiyasının genişlənməsi sözümüzün gücünü artırır və beynəlxalq mövqelərimizi möhkəmləndirir", - deyə deputat əlavə etdi.

Keçmiş millət vəkili, iqtisadçı Vahid Əhmədovun sözlərinə görə, Azərbaycanın bu təşkilata üzv olması, onun iqtisadi və diplomatik əlaqələrini yeni səviyyəyə qaldırmaq üçün əhəmiyyətli bir addım hesab edilir:

"D-8 müsəlman dövlətlərinin iqtisadi əməkdaşlıq təşkilatıdır. Azərbaycan da bu təşkilata qəbul olundu. Təşkilatın kifayət qədər dövriyyəsi var. Əhalisi də çoxdur. Azərbaycanın bir çox dövlətlərlə ikitərəfli əlaqələri var. Ancaq bu qurum sayəsində daha da artacaq. Təşkilat halında iqtisadi əlaqələrlə bağlı müəyyən müzakirələr gedir və gedəcək. Bu da Azərbaycanın ora daxil olması ilə 9 dövlət arasında baş verəcək. Azərbaycanın bu təşkilata üzv olması, onun iqtisadi və diplomatik əlaqələrini yeni səviyyəyə qaldırmaq üçün əhəmiyyətli bir addım hesab edilir. Bu, Azərbaycanın iqtisadi və coğrafi mövqeyini daha təsirli istifadə etməsinə imkan yaradacaq. Neft, qaz və digər enerji resurslarına malik olan Azərbaycan, təşkilat daxilində enerji sahəsindəki təcrübəsini bölüşərək üzv dövlətlərlə ortaq layihələr reallaşdıra bilər".

İqtisadçı qeyd etdi ki, Azərbaycanın bu təşkilata qəbul olunmasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da rolu var.

"O, həmişə Azərbaycana olan dəstəyini dilə gətirib. Ərdoğanın Azərbaycanın D-8-ə üzvlüyü məsələsində göstərdiyi diplomatik dəstək, iki ölkə arasında mövcud olan qardaşlıq münasibətlərinin və birgə əməkdaşlıq ruhunun növbəti nümunəsidir", - deyə V.Əhmədov vurğuladı.

Qeyd edək ki, 1997-ci ildə Türkiyənin təşəbbüsü ilə qurulan bu təşkilatın əsas məqsədləri iqtisadi inkişafı sürətləndirmək, üzv dövlətlər arasında ticarət həcmini artırmaq, texnologiya transferini həyata keçirmək və qlobal bazarlarda birgə rəqabət potensialını yüksəltməkdir. D-8-in hazırkı üzvləri Azərbaycan, Türkiyə, Pakistan, İran, Misir, Banqladeş, Malayziya, İndoneziya və Nigeriyadır.

Türkan İSGƏNDƏRLİ

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi​" mövzusunda dərc olunub.

2