Trampın ərazi iddiaları böyük müharibələrə səbəb ola bilər - AÇIQLAMA

 17:31 26.12.2024     136

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp deyib ki, Panama kanalı geri qayıtmalı, Kanada Amerikanın 51-ci ştatı olmalı, Qrenlandiya isə təhlükəsizlik məqsədilə ABŞ-yə verilməlidir.

Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq Əli Mustafa bildirdi ki, Tramp bu açıqlamaları onun hakimiyyətə gəlməsinə icazə verən böyük güclərin yeni dünya düzəni ilə bağlı olan planlarına və qarşısına qoyduğu vəzifələrə uyğun olaraq verir:

"Amerika daha böyük olmağa çalışır. Trampın ABŞ-nin geosiyasi təsirini genişləndirmək məqsədilə etdiyi addımlar, dünya siyasətindəki yeni, çoxqütblü düzənin bir hissəsidir. Amerika Birləşmiş Ştatları artıq dünya jandarmı olmaqdan çıxaraq, öz yaxın ərazilərini daha güclü bir şəkildə nəzarət altında saxlamağa çalışır. Buna görə də Trampın diqqət mərkəzində olan ərazilər, ABŞ-nin strateji maraqlarına yaxın olan bölgələr Panama, Kanada, Meksika və Qrenlandiyadır. Trampın bu yöndəki planları, dünya səhnəsində Amerikanın daha sərt bir şəkildə təsir gücünü artırmasına xidmət edə bilər".

Politoloq vurğuladı ki, ABŞ-nin bu yeni strateji hədəfləri ilə bağlı mübahisələr və gərginliklər qaçılmazdır.

"Panama asanlıqla ABŞ-yə tabe olmaq istəmir. Kanada isə hələlik bu hədəflərə qarşı gülərək reaksiya verib, amma gələcəkdə ölkənin reaksiyasının dəyişməsi mümkündür. Kanada Baş nazirinin Trampın bəzi açıqlamalarına göstərdiyi reaksiya, bu hədəflərə qarşı mübarizənin yalnız siyasi müstəvidə qalması ilə yekunlaşmayacağını göstərir. Əksinə, bu gərginliklərin zamanla daha sərt formaya keçməsi ehtimalı da var.

Hollandiya Qrenlandiyanı ABŞ-yə vermək istəmir. Əgər ABŞ bu ərazilərə göz dikibsə və bu istiqamətdə ciddi addımlar atırsa, o zaman bu ərazilərdə nəzarətin ələ keçirilməsi mümkündür. Bu yolda çoxsaylı qarşıdurmalar, diplomatik mübahisələr, hətta müharibələr də bu prosesi müşayiət edə bilər", - deyə Ə.Mustafa bildirdi.

Türkan İSGƏNDƏRLİ