"Təyyarə qəzası bir çox həqiqətlərin üzə çıxmasına xidmət edəcək" - AÇIQLAMA

 15:21 27.12.2024     223

Ötən gün yayılan məlumatlara əsasən, "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus təyyarənin Aktauda qəza etməsinə səbəb onun Qroznı üzərində Rusiyanın “PANTSIR-S” hava hücumundan müdafiə sistemi tərəfindən vurulması olub. 

Qeyd edək ki, hələlik Rusiya rəsmiləri hadisəni şərh etməkdən yayınırlar. Yəni nə üzr istəyir, nə də hadisədə günahı olanların cəzalandırılacağı ilə bağlı hər hansı açıqlama verirlər.

Bəs bu hadisə iki ölkə arasında münasibətlərə necə təsir edə bilər?

Mövzu ilə əlaqədar politoloq Qədir Aslan Redaktor.az-a açıqlamasında bildirdi ki, bu məsələ bir çox həqiqətlərin üzə çıxmasına xidmət edəcək:

"Bu kimi faciələr adətən dövlətlərin xarici siyasətində korrektələr etməsi ilə nəticələnir. Bizim son dönəmdə Rusiya ilə olan münasibətlərimizdə ört-basdır etmək meylləri var idi. Müəyyən mənfi məsələləri gözardı edirdik ki, dövlətin mənafeyi baxımından bizim üçün faydalı olsun. Xüsusilə 2022-ci ildə imzalanan müttəfiqlik sənədinə hörmət edərək Azərbaycan tərəfi öz öhdəliklərini yerinə yetirdi. Amma Rusiya o sənəddəki 43 bənddən heç birini - öz üzərinə düşən məsələləri həll etmirdi".

Politoloqun sözlərinə görə, baş verən faciə də bunun sübutu oldu ki, Rusiya bu məsələlərdə müttəfiq və sair tanımır, sadəcə öz maraqları var:

"Mənə elə gəlir ki, böyük güclərin Putinə qarşı olan münasibətindən Rusiya hakim dairələrinin qalıb-qalmamasından çox şey asılı olacaq. Bu, çox önəmli məqamdır. Yəni böyük güclər qərar versə ki, konkret olaraq Rusiyadakı hökumət dəyişməlidir, ondan sonra Azərbaycan tərəfinin də Rusiyadakı hökumətə olan münasibəti o istiqamətdə, o məcrada nizamlanacaq".

Sevinc İBRAHİMZADƏ