Azərbaycanın üzrlə bağlı tələbinə Kremldən REAKSİYA
“Kreml istintaq yekunlaşana qədər Aktauda “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı qiymətləndirmələr etməyəcək”.
Redaktor.az TASS-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Kremlin rəsmi sözçüsü Dmitri Peskov deyib.
Bununla yanaşı, jurnalistlər Peskova Kremldə Azərbaycan tərəfinin Rusiyanın qəza ilə bağlı üzr istəməsi tələbini görüb-görmədikləri ilə bağlı sual ünvanlayıb. O isə suala “Əlbəttə, görmüşük. Artıq bildirdiklərimə əlavə edəcək bir şey yoxdur” deyərək cavab verib.
Qeyd edək ki, “Caliber.Az” Azərbaycan hakimiyyət orqanlarından əldə etdiyi məlumata əsasən, Rəsmi Bakının Rusiyadan üzr gözləməsini bildirib: “Rəsmi Bakı Rusiya tərəfinin Azərbaycan təyyarəsini vurmasını etiraf etməsini, Azərbaycan xalqından rəsmi üzr istəməsini və hərtərəfli araşdırma aparmasını, nəticədə bütün təqsirkarların məsuliyyətə cəlb ediləcəyini gözləyir”.
Xatırladaq ki, dünən “Euronews” “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Aktau yaxınlığında qəzaya uğramasına səbəb Rusiyaya məxsus raketin olduğunu yazıb.