"İstəyimiz odur ki, Rusiya Azərbaycandan üzr istəsin və təzminat ödəsin" - AÇIQLAMA
"Əsas istəyimiz ondan ibarətdir ki, Rusiya tərəfi üzr istəsin və yaranmış maddi-mənəvi ziyanla bağlı kompensasiya ödəsin".
Bunu politoloq İlqar Vəlizadə Redaktor.az-a açıqlamasında AZAL-ın Aktauda qəzaya uğrayan təyyarəsinin Qroznıda Rusiyanın “Pantsir-S” hava hücumundan müdafiə sistemi tərəfindən hücuma məruz qalması barədə danışarkən bildirdi.
"İndiyə qədər aktual olan versiyalara görə, Rusiyanın dispetçer xidmətləri qəsdən belə ediblər ki, bizim təyyarəmiz dənizə düşsün və bütün izlər itirilsin. Ona görə də bu, çox ağır ittihamdır. Bu ittihama cavab vermək üçün əməli addımlar atılmalıdır, konkret tədbirlər görülməlidir. İistintaq artıq bu mərhələyə gəlib çatmalı idi ki, konkret insanlar məsuliyyətə cəlb olunsun. Bununla bağlı heç bir açıqlama yoxdur, heç bir addımlar atılmır", - deyə politoloq bildirib.
O qeyd etdi ki, bu şəkildə davam etsə və biz Rusiyadan istədiyimiz cavabı ala bilməsək, onda ikitərəfli münasibətlərdə böhran yaranacaq.
"Son nəticə etibarilə bu, həm Rusiya- Azərbaycan münasibətlərinə, eyni zamanda, regional təhlükəsizlik sisteminə çox ciddi təsir göstərəcək".
Sevinc İBRAHİMZADƏ