Zelenski Əliyevlə təyyarə qəzasını müzakirə etdi - Kiyev Bakını DƏSTƏKLƏYƏCƏK

 18:00 28.12.2024     213

Ukrayna Prezidenti Vladimir Zelenskinin Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığı zamanı tərəflər Qazaxıstanda AZAL sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı insidenti müzakirə ediblər.

Redaktor.az xəbər verir ki, bu barədə məlumat Zelenskinin Telegram kanalında yer alıb.

“Azərbaycan Hava Yollarının J2-8243 reysi ilə uçan təyyarənin dəhşətli qəzaya uğraması ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevlə söhbət etdim, ona və Azərbaycan xalqına başsağlığı verdim. Pilotların və təyyarənin bütün heyətinin qəhrəmanlığını qeyd etdik. İndi əsas prioritet əslində nə baş verdiyinə dair bütün suallara cavab verəcək hərtərəfli araşdırmadır”, - paylaşımda yazılıb.

Ukrayna lideri qeyd edib ki, Kiyev indiki vəziyyətdə Bakını dəstəkləyəcək.

Qeyd edək ki, dekabrın 25-də səhər saatlarında “Azərbaycan Hava Yolları” QSC-nin Azərbaycanın paytaxtı Bakıdan Qroznıya uçan “Embraer” sərnişin təyyarəsi Qazaxıstanın Aktau hava limanında qəzaya uğrayıb. Qəzadan əvvəl təyyarənin ekipajı təcili eniş tələb edib.

Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, təyyarənin göyərtəsində 5 ekipaj üzvü olmaqla 69 nəfər olub. Qazaxıstan baş nazirinin müavini Kanat Bozumbayev 29 qurbanın xəstəxanalara çatdırıldığını bildirib.