"Azərbaycanın bu təşkilata üzv olması beynəlxalq mövqeyimizi gücləndirəcək" - Deputat
2024 həm yaxşı, həm də pis hadisələrlə yadda qaldı. Amma ümumi baxanda, bu il Azərbaycan siyasəti üçün düşərli oldu. Belə ki, ölkəmiz beynəlxalq tədbirlərdə iştirak etdi, mühüm COP29 sammitinə ev sahibliyi etdi və təşkilatlara qoşuldu. Bunlardan biri də D8 İqtisadi Əməkdaşlıq Təşkilatıdır.
Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Müşfiq Cəfərov bildirdi ki, Azərbaycanın D8-ə üzv olması ölkəmizə yeni imkanlar yaradacaq və beynəlxalq təsir gücümüzü artıracaq:
"Azərbaycan D8 İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olmasıyla, bundan sonra təşkilat D9 adlanacaq. Birliyin məqsədi böyük iqtisadi potensiala, müxtəlif resurslara, çoxsaylı əhaliyə və coğrafi əraziyə malik doqquz ölkə arasında yeni imkanları əldə etmək, ticarət əlaqələrini şaxələndirmək, beynəlxalq qərarların qəbulu proseslərində iştirakını artırmaq, daha yaxşı yaşayış təmin etməkdir. D9 regional deyil, qlobal mahiyyətli təşkilatdır. D9-un yaradıcıları qrupun məqsədlərini, prinsiplərini qəbul edən və ümumi əlaqələri paylaşan inkişaf etməkdə olan başqa ölkələr üçün də təşkilatın qapılarını açıq olduğunu vurğulayır. Təşkilat regional və beynəlxalq təşkilatlara üzvlükdən irəli gələn ikitərəfli və çoxtərəfli öhdəliklərinə heç bir mənfi təsir göstərməyən bir qurumdur. İqtisadi cəhətdən inkişaf edən müsəlman ölkələrin birliyinin yaradılması ideyası Türkiyədə hələ XX əsrin ortalarında yaranıb".
Deputat Azərbaycanın D9-a üzv olan ilk postsovet dövləti olmasının, ölkənin beynəlxalq etimadını göstərdiyini və Azərbaycan dövlətinin qlobal miqyasda mövqeyini möhkəmləndirəcəyini vurğuladı.
"Azərbaycanın da belə bir təşkilata üzv olması onun beynəlxalq aləmdə nüfuzundan xəbər verir. Əslində bu dövlətimizin etibarlı bir dövlət olduğunu, davamlı, ardıcıl xarici siyasət yürütdüyünü göstərir. Azərbaycanın D8-ə qəbul edilməsi ona olan beynəlxalq etimaddan irəli gəlir. D9-a üzvlük lkəmizə yeni əməkdaşlıq kimi imkanları yaradacaq. Təşkilat bizə beynəlxalq aləmdə iqtisadi, sosial, siyasi proseslərə təsir etmə və bu istiqamətlərdə yaxından iştirak etmək imkanı qazandıracaq. Azərbaycan təşkilata üzv olmaqla yeni müstəmləkəçiliyə, ədalətsizliyə, ikili standartlara qarşı mübarizə aparmaq üçün D9-dan dəstək də alacaq. Azərbaycan bu təşkilata üzv olan ilk postsovet dövlətidir. Bu, quruma yeni təcrübə, baxış, yeni əlaqələr qazandıra bilər. D9-da üç qitəni təmsil edən ölkələr var. Azərbaycanda Avropa və Asiyanın birləşdiyi bölgədədir", - deyə M.Cəfərov vurğuladı.
Türkan İSGƏNDƏRLİ