"Təyyarəyə atəş açanlar, əmri verənlər ciddi şəkildə cəzalandırılmalıdır" - AÇIQLAMA
"Rusiya prezidenti bir qədər gec olsa da, baş vermiş hadisəyə görə üzr istədi. Ancaq bu hələ başlanğıcdır, son deyil. Adətən üzr istəmək bu cür hadisələrin sonu olur".
Bunu Redaktor.az-a açıqlamasında politoloq Abutalıb Səmədov Rusiya hökümətinin "Azərbaycan Hava Yolları"na məxsus təyyarənin vurulması ilə bağlı həyata keçirməli olduğu addımlardan danışarkən bildirdi.
Politoloqun sözlərinə görə, məsələ ciddi şəkildə araşdırılmalıdır:
"Hələlik hökumət qəzanın Rusiya ərazisində baş verməsinə görə üzr istəyib. Ancaq ortada dəhşətli cinayət var. Bu cinayəti törədən hər kəs cəzasını almalıdır. Burada təbii ki, Rusiya prezidentinin üzərinə ciddi iş düşür. Onların cəzasını verə biləcəkmi? Nəzərə alsaq ki, Ukrayna müharibəsi Rusiya rəhbərliyi üçün ciddi məhdudiyyətlər yaradıb və atmaq istədikləri addımları bəzən ata bilmirlər".
A.Səmədov qeyd etdi ki, komissiyalar işləyir, "qara qutu" ciddi şəkildə araşdırılmalıdır, şahidlər dindirilməlidir:
"Təqribən mənzərə çoxlarına aydındır. Ancaq detallarına qədər hər şey aydınlaşdırılmalı və hər şey cəmiyyətə elan olunmalıdır. Cinayət törətmiş şəxslər, təyyarəyə atəş açanlar, əmri verənlər, təyyarənin Rusiya ərazisində enməsinə mane olanlar və son nəticədə insanların ölümünə, bu dəhşətli sarsıntının yaşanmasına bais olanlar ciddi şəkildə cəzalandırılmalıdır. Gözləntilərimiz budur və istəyərdik ki, bütün bunlar baş versin", - deyə politoloq qeyd etdi.
Sevinc İBRAHİMZADƏ