“Makron Fransa dövlət sisteminin ən ağır endemik xəstəliyidir”

 17:15 01.01.2025     233

Fransa həbsxanalarındakı məhbusların sayı 2024-cü il dekabrın 1-də artıq 80 min 792 nəfər olub. Bu isə mənfi mənada rekorddur.

Bu haqda Fransada nəşr olunan Le Figaro qəzeti öz araşdırmasında yazıb. Nəşr bildirir ki, məhbusların sayı 2024-cü il noyabrın 1-də 80 min nəfərlik həddi keçmişdi (80130 məhbus). 2024-cü il dekabrın 1-ə olan vəziyyətə görə, 21291 müttəhim öz hökmünü həbsdə gözləyir. Həmin tarixə olan məlumata görə, ümumilikdə Fransada həbsə alınmış adamların sayı 97 min 372 nəfər olub. Onlardan 16 min 580 nəfərə elektron qolbaq taxılıb və ya küçələrdə ictimai işlərə cəlb olunmuş şəxslərdir.

Avropa Şurasının məlumatına görə, Fransa bu göstəricilərlə - həbsxanalardakı sıxlıq üzrə Avropada ən pis vəziyyətdə olan ölkələrdən biridir. Daha dəqiq desək, həbsxanalarında sıxlığa görə ən pis göstəriciləri olan Kiprdən və Rumıniyadan sonra üçüncü yerdədir.

Fransa hökuməti bu problemi həll etmək üçün bir aydan az müddətə həbs qətiimkan tədbirini ləğv etmək, hökmlərin korrektəsi və ya ictimai işlərin inkişaf etdirilməsi yolu ilə həll etməyə çalışıb. Bundan başqa hökumət daha 15 min yerlik həbsxanalar tikmək qərarı verib. Bunu Emmanuel Makron hələ 2017-ci ildə özünün birinci müddətə prezidentlik müddətinə seçilərkən vəd etmişdi. Ancaq Barnye hökumətində ədliyyə naziri postunda olan zaman indi artıq keçmiş nazir Didye Miqonun verdiyi açıqlamaya görə, daha 15 min nəfərlik yeni həbsxana tikilməsi planı 2029-cu ildən tez başa gəlməyəcək. Onun sözlərinə görə, bu yeni həbsxanalar 2027-ci ildə artıq hazır olmalı idi. Ancaq qarşıdakı 3 il ərzində işlərin ən yaxşı halda 42 faizi görülmüş olacaq.

Sözügedən araşdırma məqaləsində Fransa Ədliyyə Nazirliyinə istinadla məlumat verilir ki, ölkə həbsxanalarındakı sıxlıq üzündən 4 min 255 min nəfər məhbus döşəmənin üzərinə sərilmiş döşəklərdə yatır.

Məhbus sıxlığı istintaq təcridxanalarında 156,8 faizə çatıb. Bunlar təcridxanalarda məhkəmə prosesini gözləyən, hələ günahı sübuta yetirilməmiş şübhəli şəxslərdir. Təqsirsizlik prezumpsiyası prinsipinə görə, şübhəli şəxs təqsiri sübut olunana qədər təqsirsiz sayılır. Bu da o deməkdir ki, Fransa hökuməti günahsız adamları təcridxanalarda qeyri-insani şəraitdə aylarla qıfıl altında saxlayır.

Araşdırmaların nəticələrinu şərh edən qəzet yazır ki, Fransa həbsxanalarında ümumi sıxlıq 2024-cü il dekabrın 1-ə 129,5 faizə çatıb. 15-dən çox cəzaçıkmə müəssissində bu rəqəm 200 faizə bərabər olub.

Le Figaro qəzeti həbsxanalardakı sıxlığı "Fransanın endemik xəstəliyi" adlandırıb.

Göründüyü kimi, prezident Emmanuel Makron 2017-ci ildə verdiyi vədi yerinə yetirə bilməyib. Fransa kimi bir dövlət 10 il ərzində 15 min nəfərlik cəzaçəkmə müəssisəsini tikib başa çatdıra bilmir. Öz ölkəsi üçün həbsxana tikə bilməyən Fransa başqa, uzaq bir ölkəni - Ermənistanı Azərbaycana qarşı silahlandırır. Halbuki Ermənistana hədiyyə etdiyi silahların pulunu öz vətəndaşlarının rifahına xərcləyə bilərdi. Afrikada yüzillərlə əsarət altlnda saxladığı ölkələrdən qovulan Fransa Ermnistanla təsəlli tapır. Makronun xarici siyasətinin tamamilə iflasa uğradığı göz qabağındadır. Ancaq daxili siyasəti ondan da bərbaddır. 2024-cü ilin iyun ayında Makron parlamenti buraxıb yeni seçki təyin edəndə elə bilirdi, qalib gələcək. Ancaq gözlədiyi baş vermədi: qanunverici orqanı müxalifətə uduzdu. Avropa Parlamentinə seçkilərdə də məğlub oldu. Onun bir yanlış qərarı Fransada çox kəskin siyasi böhran yaratdı və bu, yarım il davam etdi. Yarım ildir ki, ölkədə faktik olaraq hökumət yoxdur. Büdcə qanunu ətrafında siyasi qüvvələr razılaşma əldə edə bilmədilər; Fransa kimi bir dövlət 2025-ci ilə büdcəsiz daxil oldu. Bu cür siyasi səbatsızlığın nəticəsində ölkə ciddi siyasi, iqtisadi, diplomatik resurslar itirdi. İndi, yəni 2024-cü ilin son günündə Makron teleefirə çıxıb fransızlara təbrik mesajında etiraf edir ki, iyunda verdiyi qərar yanlış olub, çünki nəticədə vəziyyət daha da pisləşib. Əlbəttə, bunu da "etiraf mədəniyyəti" adı altında Emmanuel Makronun aktivinə yazmaq istəyənlər olacaq. Ancaq "siyasi məsuliyyət" deyilən bir anlayış da var: Fransada indi artıq ən tənbəl siyasətçilər Makronu istefaya çağırmırlar. Ölkəyə bu qədər ağır zərbələr vurmuş bir prezident Makron dövlətin baçısı olmaq haqqını çoxdan itirib. Əvvəlki yazılarımızdan birində də yazmışdıq: Fransanın etibarlı sorğu mərkəzlərindən birinin apardığı tədqiqatların nəticələri də göstərirdi ki, Fransa vətənfaşlarının 78 faizi artıq Makrona etimad göstərmir. Bu, hələ büdcə böhranından əvvəl keçirilmiş sorğunun nəticəsi idi. Deməli, son aylarda Fransanın hazırkı prezidentinin legitimliyi daha da sarsılıb.

Emmanuel Makronun konkret olaraq Azərbaycana qarşı Ermənistanı dəstəkləməsinə də bu prizmadan yanaşmaq olar. Ermənistan hazırda Yelisey Sarayının sahibini özünün ən etibarlı tərəfdaşı bilir və Makrona güvənir. Ona görə də belə bir sual yaranır: öz ölkəsində legitimliyini itirmiş bir prezident, xalqının etimad etmədiyi bir dövlət başçısı başqasına necə etibarlı dost, səmimi tərəfdaş ola bilər?! Öz ölkəsini bu cür ağır problemlərin girdabına yuvarlamış rəhbər başqa ölkəni çətinliklərdən çıxaracaq?! Öz xalqını fəlakətlərə sürükləyən siyasətçi özgəsinə səadət gətirəcək?!

Cavabları çox axtarmağa lüzum yoxdur; doğru cavablar elə sualların özüdədir. Le Figaro nəşrinin ifadəsini bir qədər də dəqiqləşdirsək, elə Emmanuel Makronun özü Fransanın dövlət sisteminin ən ağır endemik xəstəliyidir.

Bahəddin Həzi