"Vasitəçilərin iştirakı ilə aparılan danışıqlar nəticə vermir" - AÇIQLAMA

 17:46 06.01.2025     174

ABŞ Dövlət Departamenti İrəvan və Bakı ilə tərəqqi təmin edə biləcək istənilən formatda işləməyə hazır olduğunu açıqlayıb. Məlum olduğu kimi ABŞ-nin yeni seçilən Prezidenti Donald Tramp yanvarın 20-də andiçmə mərasimindən sonra ikinci dəfə dövlət başçısı kimi fəaliyyətə başlayacaq. Bəs yeni ABŞ administrasiyası Azərbaycan-Ermənistan münasibətlərinə necə təsir edəcək?

Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirdi ki, hazırda ABŞ-nin danışıqlarda iştirak etməsi mümkün görünmür:

"Amerika Birləşmiş Ştatlarının hazırda mövcud olan hakimiyyətinin Ermənistan və Azərbaycan arasındakı hər hansı bir danışıqda iştirak edə bilməsi fiziki baxımdan mümkün deyil. Çünki nəticə etibarilə artıq cəmi bir neçə gündən sonra Bayden administrasiyası hakimiyyəti təhvil verəcək. Məsələnin digər tərəfi ondan ibarətdir ki, 44 günlük müharibədə əldə etdiyimiz tarixi zəfərdən sonra ötən dörd ildən çox müddət ərzində danışıqlar təcrübəsi onu göstərir ki, Ermənistan və Azərbaycan çoxtərəfli və yaxud vasitəçilər vasitəsilə danışıqlar zamanı heç bir razılaşma əldə edə bilmir. İkitərəfli qaydada danışıqlarda müəyyən nəticələr əldə olunur. Təsadüfi deyil ki, sərhəd təhlükəsizliyi, delimitasiya və demarkasiya ilə bağlı əsasnamənin qəbul olunması da ikitərəfli qaydada baş tutdu və bu, ümumiyyətlə, son 35 illik dövr ərzində Ermənistan və Azərbaycan arasında hələlik imzalanmış yeganə sənəddir".

Deputatın sözlərinə görə, Ermənistan və Azərbaycan arasında baş tutan danışıqların təcrübəsi göstərir ki, çoxtərəfli formatda razılaşma əldə etmək mümkün olmur.

"Həm nəzəri baxımdan, həm də təcrübə baxımından biz görürük ki, vasitəçilərin iştirakı ilə təşkil olunan danışıqlar nəticə yönlü olmur. Burda da səbəb bəllidir. Çünki hər bir vasitəçi Ermənistan və Azərbaycan danışıqları zamanı öz mənafelərini irəli çəkərək, hər iki ölkəni mümkün razılaşma ilə bağlı özündən asılı vəziyyətə salmağa çalışır. Bu, çox aydın bir həqiqətdir. Ona görə də danışıqlar vasitəsiz olsa, daha tez nəticələr əldə etmək mümkündür. Ümid edirik ki, Ermənistanda da hakimiyyət bunu başa düşəcəkdir. Yeni administrasiyanın gəlişindən sonra Amerika Birləşmiş Ştatlarının danışıqların nəticəsinə mümkün təsirinə gəlsək, mənə elə gəlir ki, hər hansı bir ciddi təsirini proqnozlaşdırmaq doğru olmazdı. Ona görə ki, respublikaçılar daim prioritet olaraq iqtisadi maraqları önə çəkirlər və Amerikanın daxili problemləri ilə daha çox məşğul olurlar. Belə olan halda mən düşünürəm ki, təkcə Cənubi Qafqazda deyil, dünyanın digər coğrafiyalarında da hər hansı bir siyasi danışıqlarda Amerikanın iştirakçılıq istəyi Baydenin dövründəki qədər şiddətli olmayacaq", - deyə H.Babaoğlu vurğuladı.

Türkan İSGƏNDƏRLİ