AZAL təyyarəsinin "qara qutu"larının yoxlanılması başa çatdırıldı

 01:13 07.01.2025     320

Braziliya HHQ-nin Aviasiya Hadisələrinin Təhqiqatı və Təqdim edilməsi Mərkəzi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramış “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus “Embraer 190” təyyarəsinin "qara qutu"larının açılmasını başa çatdırıb.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə Braziliyanın G1 portalına qurumdakı mənbələr məlumat verib.

“İki qara qutudan məlumatların çıxarılması, toplanması və yoxlanılması başa çatıb”, – onlar bildiriblər.

“O Globo” qəzeti daha öncə qeyd edib ki, qurum artıq müvafiq məlumatı Astanaya göndərib.

Xatırladaq ki, Azərbaycan təyyarəsi dekabrın 25-də Qroznı şəhəri üzərində Rusiya HHM tərəfindən raketlə vurulduqdan sonra Aktauda qəza enişi edib. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

T.İSMAYIL