"Biz ilk gündən bilirdik ki, burada qəsd var" - Təyyarə qəzası ilə bağlı AÇIQLAMA
"Rusiya tərəfi Azərbaycan təyyarəsini vurmaqla beynəlxalq hüquq normalarını ciddi şəkildə pozub. Təyyarə qəzalı vəziyyətdə olduğu halda Rusiya tərəfindən heç bir yardım göstərilməyib. Əksinə, təyyarənin təhlükəsiz enişinə imkan yaradılmadığı üçün onun müdafiəsiz və köməksiz bir vəziyyətdə qalmasına şərait yaradılıb. Nəticədə həm təyyarə sıradan çıxıb, həm də 38 nəfər vətəndaşımız həyatını itirib".
Bu fikirləri Redaktor.az-a beynəlxalq hüquq üzrə ekspert Əli Mustafa "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus təyyarə qəzasının araşdırılmasını şərh edərkən dedi. Onun sözlərinə görə, aparılacaq araşdırmalar Azərbaycan tərəfinin haqlı mövqeyini sübut edəcək:
"Araşdırmalar Azərbaycan tərəfinin haqlı olduğunu ortaya çıxaracaq. Biz ilk gündən bilirdik ki, burada qəsd var. Rusiya tərəfi Azərbaycan təyyarəsini vurub, bununla da beynəlxalq hüququ pozub və bir dövlət olaraq beynəlxalq hüquqdan gələn bir sıra öhdəlikləri yerinə yetirməyib. Həmçinin qəzalı vəziyyətdə olan təyyarəyə kömək etməyib, onun enməsinə dəstək olmayıb. Burada beynəlxalq qanunvericiliyə, konvensiyalara uyğun olaraq qarşı tərəfin, yəni Rusiya tərəfinin öhdəlikləri var. Burada təbii ki, kompensasiya nəzərdə tutulur. Yəni vurulan zərərin ödənilməsi hesablanıb həyata keçirilməlidir. Burada təkcə maddi zərər deyil, mənəvi zərər də var. Həyatını itirənlər, onların yaxınları, yaralananlar və sonrakı yaşamının təmin olunması üçün müəyyən kompensasiyaların ödənilməsi beynəlxalq hüquq və tərəflərin qarşılıqlı razılığı əsasında müəyyən olunacaq".
O qeyd etdi ki, bu hadisə beynəlxalq qanunvericiliyə və müvafiq konvensiyalara əsasən Rusiya tərəfinin müəyyən öhdəliklərini ortaya çıxarır.
"Amma öncə hələ qarşı tərəfin bu cinayətdə əlinin olmasının sübut edilməsi lazımdır. Rusiya tərəfi bu hadisənin Rusiya ərazisində, hava məkanında olduğunu boynuna alır, amma bilavasitə Rusiya tərəfindən bu cinayətin törədildiyini hələ etiraf etmir. Bu da çox vacib məsələdir. Rusiya tərəfi o halda məsuliyyətə cəlb olunar və vurduğu zərərin ödənilməsi ilə bağlı yüklənə bilər ki, həm də burada cinayətin törədilməsi faktı təsdiq olunsun. Hadisənin qəsdən edilməsi bir başqa məsələdir. Amma bütün hallarda təyyarə qəzasında Rusiyanın hava hücumundan müdafiə (HHM) sistemlərinin də rol aldığını sübut etmək aparılan bu araşdırmaların, birgə komissiyanın fəaliyyəti nəticəsində meydana çıxacaq. Hər halda beynəlxalq hüquqi məsuliyyətdən də irəli gələrək onların beynəlxalq hüquqa uyğun olaraq ödəmələr həyata keçirməsi reallaşacaq", - deyə Əli Mustafa bildirdi.
Türkan İSGƏNDƏRLİ