"Ermənistan hər zaman olduğu kimi yenə də terroru dəstəkləməkdə davam edir"

 17:45 07.01.2025     212

Sülh danışıqlarının getdiyi bu müddətdə Ermənistan təxribatlarından yenə də əl çəkmir. Belə ki, dünən qarşı tərəf bi neçə dəfə mövqelərimizi atəşə tutub. Bundan əlavə Ermənistan ordusunu sürətlə silahlandırmağa davam edir.

Mövzu ilə bağlı Redaktor.az-a danışan hərbi ekspert Azər Bayramov bildirdi ki, Ermənistan sülh danışıqlarında manipulyasiya ilə məşğuldur.

"Çünki biz Ermənistanın əməli olaraq tamamilə sülhə zidd fəaliyyətlərini müşahidə edirik. Burada sürətli şəkildə ordusunun silahlandırılması, orduda islahatların aparılması, ehtiyatda olan hərbçilərin orduya cəlb olunması yönündə riyakar fəaliyyətləri Ermənistanın sülhlə bağlı danışıqlarının absurd və yalan olduğunu bir daha sübut edir. Biz son vaxtlar Azərbaycan və Ermənistan şərti həmsərhəd bölgəsində növbəti təxribatları izləyirik. Burada, ilk növbədə Ermənistanın hərbi-siyasi rəhbərliyi Azərbaycanla şərti həmsərhəd ərazilərə, "Ekrapa" terrorçu qruplaşmanın üzvlərini yerləşdirib və bu da bir daha Ermənistan hakimiyyətinin sülhlə bağlı nə qədər "niyyətli" olduğunun göstəricisidir. Bundan öncə də məhz həmin o terrorçu qruplaşmaların mövqelərimizə qarşı təxribatlarını biz müşahidə etmişdik. Azərbaycan ordusunun həyata keçirdiyi bir çox adekvat cavab tədbirləri var idi ki, həmin onlardan bir neçəsi zərərsizləşdirildi. "Ekrapa" adlanan terrorçu qruplaşmaları beynəlxalq ictimaiyyəti aldadaraq hər hansı bir formada qeyri-hökumət təşkilatının nümayəndələri kimi təqdim edirlər. Ancaq bu, qətiyyən belə deyil, çünki onların maliyyələşməsi məhz dövlət tərəfindən həyata keçirilir və bu da o deməkdir ki, Ermənistan hər zaman olduğu kimi yenə də terroru dəstəkləməkdə davam edir", - deyə o bildirdi.

Azərbaycan təhlükəsizliyin təmin olunması istiqamətində yetərincə işlər  görür-Hərbi Ekspert Azər Bayramov | Informator informasiya portalı

Azər Bayramov vurğuladı ki, Ermənistan bu fəaliyyətlərində tək deyil. Onun sözlərinə görə, Fransa başda olmaqla bir sıra dövlətlər Ermənistanı dəstəkləyərək regionda gərginliyi artırır:

"Burada baş havadarı da Fransa olmaqla, digərlərinin də bu prosesdə "fəaliyyətləri" mövcuddur. Çünki cari dövrdə Ermənistan tərəfində fəaliyyət göstərən mülki missiya adı altında bir qrup var ki, sözügedən məsələ ilə bağlı onların Ermənistana hər hansısa bir xəbərdarlığını biz müşahidə etmirik. Bu da bir daha onların ikiüzlü və riyakar fəaliyyətlərinin davam etdirilməsini göstərir. Əlbəttə, Ermənistan tərəfi havadarları tərəfindən nə qədər çox silahlandırılacaqsa, məhz bu Ermənistan cəmiyyətində, eyni zamanda Ermənistan ordusunda revanşist qüvvələrə təxribat törətməyə daha da həvəsləndirəcək. Ancaq Azərbaycan hər zaman olduğu kimi baş verən proseslərə səbrlə və təmkinlə yanaşmağa çalışır, mövcud gərginliyin məhz danışıqlar yolu ilə həllini tapması və sülh sazişinin imzalanması üçün bütün fəaliyyətlərini cəmləşdirib. Ancaq çox təəssüf ki, biz qarşı tərəfdən belə humanist davranışa qarşı təxribatları müşahidə edirik. Bu təxribatların arxasında Ermənistan və onun havadarlarının riyakar məqsədləri durur. Burada Azərbaycanı yalandan aqressor kimi göstərmək, guya Ermənistanın özünün hələ də təhlükələrə məruz qalması kimi beynəlxalq ictimaiyyətdə bir mif formalaşdırmaq və bunun da müqabilində öz riyakar məqsədlərinə çatmaq üçün məhz Ermənistanın silahlandırılması üçün əlavə dövlətləri cəlb etmək məqsədi durur.

Ermənistan və onun havadarlarının hərbi siyasi rəhbərliyi unutmamalıdır ki, məhz belə təxribatçı davranışlara Azərbaycan tərəfi çox da səbr göstərməyəcək. Zamanı gəldiyində bütün zəruri cavab tədbirlərini həyata keçirəcək və onun doğuracağı nəticələrdən Ermənistanın və onun havadarlarının hərbi-siyasi rəhbərliyi məsuliyyət daşıyacaq".

Türkan İSGƏNDƏRLİ