"Hesabatlar hazırlayacaqdılar ki, guya Azərbaycan atəşkəsi pozub" - Komitə sədrindən AÇIQLAMA

 19:50 08.01.2025     280

Ermənistanın dayanmadan silahlanması və son günlər atəşkəsi pozması onun sülhə qarşı istəyini şübhə altına salır. Elə Prezident İlham Əliyev də yerli televiziyalara müsahibəsində bu prosesin ikitərəfli münasibətlərə yaxşı təsir etməyəcəyini bildirib.

Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev vəziyyətin sülh prosesinə ciddi zərbə vurduğunu vurğulayaraq, Azərbaycanın öz hüquqlarını qorumaq və mövcud status-kvonu saxlamağa yönələn hər hansı təcavüzün qarşısını almağa hazır olduğunu bildirdi.

Millət vəkili düşünür ki, atəşkəsin pozulması bu və ya digər şəkildə sülhün bərqərar olmasına mane olmaq üçündür:

"Yəni status-kvonu qorumaq üçün. Məlum məsələdir ki, ermənilərin son olaraq Laçın istiqamətində etdikləri təxribatdan, açdıqları atəşdən sonra Azərbaycan adekvat cavab verməlidir. O cavab veriləndən sonra həmin ərazidə qeyri-qanuni olan Avropadan gətirilmiş vizual kəşfiyyatçılar mütləq şəkildə hesabatlar hazırlayacaqdılar ki, guya Azərbaycan atəşkəsi pozub. Yəni onların məqsədi bu idi və bunun üçün hazırlıqlar görürdülər. Onlara rəhbərlik edən, göstəriş verən havadarlara mütləq şəkildə hesabat verməlidir. Bu, təbii ki, sülhün bərqərar olmasına mane olan ən mühüm məsələdir. Düşünürəm ki, bu status kvonu saxlamaqla ermənilər nəyəsə nail ola bilməyəcəklər".

Komitə sədri vurğuladı ki, Azərbaycan bu cür təxribatlara qarşı tədbirlər görməyə hazırdır.

"Bundan başqa, istər Fransa, istər Yunanıstan olsun, istər Hindistandan tək atıcı silahlar deyil, hücum silahları, raketlərin gətirilməsi atəşkəsin pozulmasının əsas səbəblərindəndir. Bu silahların ora gətirilməsi birmənalı şəkildə sülhün gələcəkdə bərqərar olmamasına gətirib çıxarar. Bunun qarşısı alınmalıdır. Ermənistana da, maraqlı dövlətlərə də təzyiq olmalıdır. Cənab Prezidentin də qeyd etdiyi kimi, biz öz müstəqil, daxili və xarici siyasətimizi yürüdürük, hərtərəfli bizə qarşı olan təxribatların da qarşısını almağa hazırıq", - deyə Arzu Nağıyev qeyd etdi.

Türkan İSGƏNDƏRLİ