"Zəngəzur dəhlizinin açılması üçün özü Azərbaycana yalvaracaq"- Deputat
"Çox təəssüflər olsun ki, Ermənistan tərəfi Azərbaycanın yaratdığı reallıqları hələ də tam dərk etmirlər və ötən dörd il ərzində baş verən proseslərdən doğru düzgün nəticə çıxartmırlar. Xüsusilə də vaxt udmaq, prosesləri uzatmaqla, nə zamansa özlərinin istədiyi formada Azərbaycanla sülh sənədini imzalaya biləcəkləri xəyalı ilə yaşayırlar".
Bu fikirləri Redaktor.az-a Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü, deputat Naqif Həmzəyev Zəngəzur dəhlizinin açılmasının vacibliyini şərh edərkən dedi. Onun sözlərinə görə, Zəngəzur dəhlizinin açılması, Azərbaycanın qərb əraziləri ilə Naxçıvan arasındakı avtomobil və dəmir yolu əlaqələrinin bərpası üçün vacibdir:
"Faktiki olaraq Azərbaycan isə planlı şəkildə öz istəklərini reallaşdırır və bu günləri Qarabağ və Şərqi Zəngəzurda böyük köçə biz şahidlik edirik. Biz əminliklə deyə bilərik ki, tezliklə Azərbaycanın qərb əraziləri ilə Naxçıvan arasında avtomobil və dəmir yolu əlaqələrinin bərpa edilməsinə şahidlik edəcəyik. Ermənistan gec-tez buna razılıq verəcəkdir. Çünki Ermənistanın birbaşa olaraq kapitulyasiya aktını imzalamaqla götürdüyü öhdəliklər var. Müxtəlif bəhanələrlə və yaxud bu kommunikasiyaların açılması ilə bağlı fərqli layihələri ortaya qoyaraq sanki nəsə yeni bir layihə təqdim edirlər deməklə heç nə olmur. Bu əlaqə yaranmalıdır. Azərbaycan Ermənistanın cığalbazlığını və vaxt udmaq niyyətini anladığı üçün İran ərazisindən keçmək şərti ilə nəqliyyat əlaqəsinin bərpası ilə bağlı hal-hazırda iki körpünün tikintisini həyata keçirir. Bu həm avtomobil, həm qatar yolları üçün nəzərdə tutulubdur. Bu alternativ yoldur. Ancaq biz ən asan və ən sürətli yol olan Zəngəzur dəhlizini də gec-tez reallaşdırmalıyıq. Hətta Ermənistan tərəfi razılıq verəcəyi təqdirdə tunellər vasitəsilə də biz heç bir nəzarət olmadan Zəngilanla Naxçıvanı birləşdirə bilərik. Yəni Azərbaycanın buna gücü çatır. Çünki bu günləri faktiki olaraq çox ağır və çətin relyefi olan Qarabağ və Şərqi Zəngəzurda biz keçilməz qayaları yararaq böyük tunellər tikirik və bu günləri yollarımızın nə dərəcədə yüksək səviyyədə olduğunu və nə dərəcədə qısa olaraq həyata keçirildiyini görürük. Ermənistan tərəfi anlamalıdır ki, Zəngəzur dəhlizinin işə düşməsi ilə Ermənistan üçün daha yaxşı şərait yaranacaq ki, Azərbaycanın qrup yaratdığı nəqliyyat şəbəkəsinə Ermənistan tərəfi də qoşula bilsin. Bu da Ermənistan iqtisadiyyatı üçün əla bir fürsət olacaq".
Deputat bildirdi ki, Ermənistanın bu layihəyə razılıq verməməsi bölgə üçün faydalı olan böyük imkanları əldən verməsi ilə nəticələnə bilər.
"Ermənistan bunu hələ də tam anlamır, dərk etmir və özlərini dalana doğru sürükləyirlər. Bir sözlə, Türkiyə və Azərbaycan arasında yükdaşımaların birbaşa həyata keçirilməsi, Naxçıvan və Zəngilanla əlaqələrin yaranması və regionumuzda uzunmüddətli və dayanıqlı sülhün mövcud olması üçün Zəngəzur dəhlizi açılmalıdır. Bu, yalnız Azərbaycan maraqlarına xidmət etmir. Bu, region dövlətlərinin marağına xidmət edir və eyni zamanda Avropanı Çinə birləşdirən ən sürətli dəmir yolu xəttinin və avtomobil yolunun keçəcəyi bir ərazilərdir. Bu günləri Gürcüstan üzərindən Azərbaycan bunu reallaşdırır. Bu, bizim alternativ yolumuzdur. Buna paralel olaraq, İran üzərindən də biz Naxçıvanla Zəngilanı birləşdirəcək körpülər inşa edirik. Həm dəmir yolu, həm avtomobil yolları buradan keçəcəkdir. Ancaq Zəngəzur dəhlizinin də açılmasıyla biz ən sürətli və ən tez yolu inşa edəcəyik ki, bu da mən düşünürəm ki, çox vacibdir və eyni zamanda unutmamalıyıq ki, biz Zəngəzur dəhlizini açmaqla digər yollarla paralel bunu istifadə edəcəyik. Çünki bizim kifayət qədər yük daşımalar üçün sifarişlərimiz var və bu ərazi ən təhlükəsiz və ən sürətli yollar olduğu üçün bu yollardan istifadə çox əlverişlidir və bu baxımdan da gec-tez Zəngəzur dəhlizi işə düşəcəkdir. Bu, Ermənistanın da maraqlarına xidmət edir. Sadəcə olaraq kənar müdaxilələr və kənar təsirlər imkan vermir ki, Ermənistan özü müstəqil qərar verərək düzgün yolu seçsin", - deyən Naqif Həmzəyevin sözlərinə görə, rəsmi İrəvan anlamalıdır ki, Ermənistana yanlış yol göstərən və Ermənistanı qızışdıran, Ermənistanın süni şəkildə Azərbaycanın təkliflərinə yox deməyə vadar edən qüvvələr geri çəkiləcəklər:
"Ermənistan meydanda tək qalacaq, onda isə Ermənistan daha ağır şərtlər altında bu layihələrin reallaşdırılması üçün özü Azərbaycana yalvaracaq. Bu baxımdan da, Azərbaycanın irəli sürdüyü bu layihələri və xüsusilə Zəngəzur dəhlizinin açılmasına ən qısa zamanda Ermənistan tərəfi razılıq verməlidir və Azərbaycan bu layihələri özü öz gücü hesabına reallaşdırmalıdır".
Türkan İSGƏNDƏRLİ