İlham Əliyev yeni səfirləri qəbul etdi - Yenilənib - FOTOLAR
Azərbaycan Prezidenti İlham Əliyev Litvanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kestutis Vaşkeleviçusun etimadnaməsini qəbul edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 10-da Litva Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kestutis Vaşkeleviçusun etimadnaməsini qəbul edib.
Redaktor.az xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim etdi.
Prezident İlham Əliyev səfirlə söhbət etdi.
Dövlətimizin başçısı 2022-ci ildə Litva Prezidentinin ölkəmizə, 2023-cü ildə isə özünün Litvaya rəsmi səfərlərini, ötən ilin sonunda Gitanas Nauseda ilə telefon danışığını, həmçinin bundan əvvəlki dövrlərdə Litvanın dövlət başçıları ilə təmaslarını məmnunluqla xatırladı, bunların ikitərəfli münasibətlərin inkişafında vacib rol oynadığını qeyd etdi.
Səfirə Azərbaycanda fəaliyyətində uğurlar arzulayan Prezident İlham Əliyev ümidvar olduğunu bildirdi ki, onun səfirliyi dövründə əlaqələrimiz daha da genişlənəcək, əməkdaşlığımızın möhkəmlənməsi üçün yeni imkanlar müəyyənləşdiriləcək.
Xoş sözlərə görə minnətdarlığını bildirən Kestutis Vaşkeleviçus Litva Respublikasının Prezidenti Gitanas Nausedanın səmimi salamlarını və xoş arzularını dövlətimizin başçısına çatdırdı.
Dövlətimizin başçısı salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Prezident Gitanas Nausedaya çatdırmağı xahiş etdi.
Səfir qeyd etdi ki, Litva Prezidenti onunla söhbəti zamanı Azərbaycanın oynadığı rolun önəmini vurğulayıb, ölkəmizlə əlaqələrin daha da möhkəmlənməsi istəyində olduğunu deyib, eyni zamanda, təyyarə qəzası ilə bağlı başsağlığını ifadə edib. Kestutis Vaşkeleviçus vurğuladı ki, Azərbaycan bu qəza zamanı xeyli sayda insanın həyatını xilas edən övladları ilə haqlı olaraq fəxr etməyə layiqdir.
Əlaqələrimizin tarixində ölkələrimizin və xalqlarımızın bir-birinin müstəqilliyini, azadlığını dəstəkləməsinin əhəmiyyətini qeyd edən səfir bunun rəmzi məna daşıdığını dedi. O, Azərbaycanın və Litvanın XX əsrin sonlarında müstəqil olmasından sonra ikitərəfli münasibətlərimizdə böyük inkişafa nail olunduğunu vurğuladı. Səfir qeyd etdi ki, Litva Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin genişlənməsinə dəstək verməyə hər zaman hazırdır.
O, Azərbaycanın Ukraynaya göstərdiyi humanitar dəstəyi yüksək qiymətləndirdiklərini dedi, Litvanın Cənubi Qafqazda davamlı sülhü və inkişafı dəstəklədiyini vurğuladı.
Bu il ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinin qeyd edildiyini deyən Kestutis Vaşkeleviçus səfirlik fəaliyyəti dövründə münasibətlərimizin tarixində nümayiş etdirilmiş dostluq və həmrəylik ruhunda çalışacağını bildirdi.
Söhbət zamanı iqtisadiyyat, kənd təsərrüfatı və bərpaolunan enerji sahələrində əməkdaşlıq məsələləri də müzakirə edildi.
17:15
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 10-da Küveyt Dövlətinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Feysal əl-Mutairinin etimadnaməsini qəbul edib.
Redaktor.az xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim edib.
Prezident İlham Əliyev səfirlə söhbət edib.
Dövlətimizin başçısı ölkələrimiz arasında çox fəal siyasi əlaqələrin genişləndiyini vurğulayaraq, Küveytə rəsmi səfərini məmnunluqla xatırladı. Prezident İlham Əliyev Azərbaycan-Küveyt qardaşlıq münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyəcinə əminliyini bildirdi və bunun üçün yaxşı imkanların olduğunu deyib.
Prezident İlham Əliyev Küveytin yüksək səviyyədə nümayəndə heyəti ilə COP29-da təmsil olunmasının və bu tədbir çərçivəsində Küveyt Dövlətinin Vəliəhdi Şeyx Sabah Xalid əl-Həməd əl-Sabah ilə görüşünü məmnunluqla xatırlayıb.
Dövlətimizin başçısı səfirə fəaliyyətində uğurlar arzulayıb.
Xoş sözlərə görə minnətdarlığını ifadə edən səfir Azərbaycan Prezidentinin qəbulunda olmaqdan böyük fəxr hissi keçirdiyini bildirərək, Küveyt Dövlətinin Əmiri Şeyx Məşəl əl-Əhməd əl-Cabir əs-Sabahın və Küveyt Dövlətinin Vəliəhdi Şeyx Sabah Xalid əl-Həməd əl-Sabahın salamlarını dövlətimizin başçısına çatdırıb.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Küveyt Dövlətinin Əmirinə və Vəliəhdinə çatdırmağı xahiş edib.
Səfir təyyarə qəzası nəticəsində həlak olanlarla bağlı bir daha Küveyt Əmirinin başsağlığını çatdıraraq, yaralananların tezliklə şəfa tapmasını arzulayıb.
O, COP29-un yüksək səviyyədə təşkilinə və əldə olunmuş nailiyyətlərə görə Azərbaycana və dövlətimizin başçısına təbriklərini çatdırıb.
Söhbət zamanı siyasi münasibətlərimizin çox yaxşı səviyyədə olması, iqtisadi, ticarət və sərmayə sahələrində əlaqələrin inkişafı, hökumətlərarası komissiyanın iclasının keçirilməsi və iki ölkənin Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin aparılması məmnunluqla vurğulanıb.
Azərbaycan ilə Küveytin beynəlxalq təşkilatlar çərçivəsində yaxından əməkdaşlığına toxunulub, ölkələrimizin daim bir-birini dəstəklədiyi bildirilərək, bu xüsusda BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, OPEC+ formatında əməkdaşlıq qeyd olunub. Eyni zamanda, Azərbaycanın Ərəb Dövlətləri Liqası və Körfəz Əməkdaşlıq Şurası ilə də əlaqələrin inkişafına mühüm əhəmiyyət verdiyi bildirilib.
Görüşdə son dövrlərdə qarşılıqlı turizmin və insanlararası təmasların daha da genişlənməsi məmnunluqla qeyd olunub.