"Paşinyan özündə cəsarət tapacaq, tapmasa da, biz onu məcbur edəcəyik" - Deputat

 17:02 13.01.2025     234

"Azərbaycan 44 günlük Vətən müharibəsində zəfər çalıb, 2023-cü ildə suverenliyini tam bərpa edib və sülhün əldə olunması üçün bütün mümkün addımları atıb. Hətta 2024-cü ildə heç bir vasitəçi olmadan sərhədlərin delimitasiya və demarkasiyasını həyata keçirdik, hətta Qazaxın dörd kəndini geri qaytardıq. Buna baxmayaraq, Ermənistan tərəfi səmimiyyətdən uzaq mövqe sərgiləyir, eyni zamanda silahlanmağa davam edir. Bu vəziyyətdə hansı sülhdən danışmaq olar?".

Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü, deputat Naqif Həmzəyev Azərbaycan-Ermənistan münasibətlərini şərh edərkən dedi. Onun sözlərinə görə, Ermənistanın siyasi rəhbərliyi, xüsusilə Baş nazir Nikol Paşinyan, Azərbaycanın suverenliyini tanımalı və Qərbi Azərbaycan İcmasının öz dədə-baba torpaqlarına qayıdış hüququnu qəbul etməlidir:

"Ermənistanın siyasi rəhbərliyi hələ də özündə cəsarət tapıb Azərbaycana qarşı ərazi iddialarından tam olaraq əl çəkmir və xüsusilə də Qərbi azərbaycanlıların öz dədə-baba torpaqlarına qayıdaraq yaşamaq hüquqlarının bərpası ilə bağlı da Qərbi Azərbaycan İcmasının çağırışlarına cavab vermir. Bu baxımdan da Xarici İşlər Nazirliyinin və Qərbi Azərbaycan İcmasının Ermənistanın Baş naziri Nikol Paşinyana ünvanladığı müraciətlərin cavablandırılması çox vacibdir. Əgər həqiqətən də Ermənistan tərəfi sülh istəyirsə və onlar öz yanaşmalarında səmimi idilərsə, onlar sülhün yarımçıq olmasına yox, tam sülhün əldə olunmasına töhfə verməlidirlər. Yalnız sözdə hansısa mesajlar ötürməklə də sülh əldə olunmur. Ermənistan nə vaxta qədər ki, kənar qüvvələrin təsiri altında sülh imici formalaşdıracaq, biz sülhü əldə edə bilməyəcəyik. Çünki Ermənistan sülhdən danışır, eyni zamanda silahlanır. Ermənistan Azərbaycanla sülh sənədinin imzalanmasının mümkünlüyünü qeyd edir, ancaq Azərbaycana qarşı ərazi iddialarından əl çəkmir. Ermənistan Cənubi Qafqazda birgə yaşayışdan danışır, ancaq Qərbi azərbaycanlıların Ermənistana qayıdış məsələsi ilə bağlı konkret plan və proqram ortaya qoymur".

Deputat vurğuladı ki, Qərbi azərbaycanlıların öz doğma torpaqlarına qayıdışı insan hüquqları kontekstində həll edilməli bir məsələdir:

"Qərbi azərbaycanlıların dədə-baba torpaqlarına qayıtması ilə bağlı məsələni torpaq iddiası kimi qiymətləndirir. Hərçənd ki, bu, insan hüquqları kontekstindən yanaşılmalı bir məsələdir. Çünki bir çox buna bənzər hadisələr var ki, məhz həmin şəxslərin öz dədə-baba torpaqlarına qayıtması və həmin insanlara kompensasiyaların ödənilməsi həyata keçirilib. Ermənistan tərəfi anlamalıdır ki, Qərbi azərbaycanlıların öz dədə-baba torpaqlarında yaşamaq hüququ var və beynəlxalq konvensiyalarda bu hüquq təsbit edilib. Bu baxımdan da Nikol Paşinyan və Ermənistanın siyasi rəhbərliyi "papaq"larını öz qarşılarına qoyaraq obyektiv fikirləşməli, səmimi olmalı və Azərbaycanla güc dili ilə, təhdid dili ilə danışmaqdan əl çəkməlidirlər. Silahlandırmanı dayandırmalı və anlamalıdırlar ki, 2025-ci il əla bir fürsətdir. Bu günə qədər onlara yaradılmış fürsət və şansı Ermənistan tərəfi doğru-düzgün dəyərləndirə bilmədiyi üçün hər dəfə Ermənistan tərəfi itirə-itirə bu günə gəlib çıxıb. 2025-ci ildə də öhdəliklər yerinə yetirilməyəcəyi, Zəngəzur dəhlizi açılmayacağı, Azərbaycanın Qərb regionu ilə Naxçıvan arasında quru əlaqələri bərpa edilməyəcəyi və qərbi azərbaycanlılar öz torpaqlarına qayıtması ilə bağlı konkret plan və proqram müzakirə edilməyəcəyi təqdirdə biz hansı sülhdən danışa bilərik?".

N.Həmzəyev qeyd etdi ki, Cənubi Qafqazda uzunmüddətli və dayanıqlı sülh mütləq əldə edilməli və kənar qüvvələrin müdaxilələrinə son verilməlidir.

"Mən düşünürəm ki, Azərbaycan bu günə qədər sülhə məcburetmə siyasətini uğurla həyata keçirib ki, dünya dövlətləri, Ermənistanın havadarı olan beynəlxalq güclər də artıq Azərbaycanla barışır. Ermənistan da gec-tez ATƏT-in Minsk qrupunun fəaliyyətinin dayandırılması ilə bağlı bəyanatla çıxış edəcək, heç bir vasitəçi olmadan şərti Ermənistan-Azərbaycan sərhədlərində toplaşan Avropa İttifaqının müşahidə missiyası dayandırılaraq geri qaytarılacaqdır. Nəhayət ki, Azərbaycanla Ermənistan özü bu problemi və sülh məsələsini həll edəcək. Çünki heç bir vasitəçi və kənar güclərə ehtiyac yoxdur. Bizim kifayət qədər gücümüz, səriştəmiz, təcrübəmiz var ki, bu məsələni həll edək. Qərbi azərbaycanlıların geri qayıdışı təmin edilməlidir. Bu, sülh yolu ilə olmalıdır və burada hansısa bir ərazi iddiasından söhbət getmir. Bu, qərbi azərbaycanlıların təbii haqlarıdır ki, doğulduqları torpaqlarda yaşasınlar, o torpaqlarda həyatlarını davam etdirsinlər. Paşinyan özündə cəsarət tapacaq, tapmasa da, biz ona bu mövqedən çıxış etməyə məcbur edəcəyik. Çünki Ermənistanın başqa çıxış yolu yoxdur", - deyə deputat bildirdi.

Türkan İSGƏNDƏRLİ