Los-Anceles niyə külə döndü? - "Bunların hamısı insanları qorxu altında saxlamaq üçündür"
Los-Ancelesdəki yanğınlar 6 gündür ki, davam edir. Bu müddət ərzində insanlar həyatını itirib, canlılar tələf olub, dəyəri çox olan evlər, maşınlar yanaraq kül olub, ən əsas təbiətə ciddi zərər dəyib. Bu qədər geniş ərazinin yanması ekoloji çirklənməyə də səbəb olur.
Mövzu ilə bağlı Redaktor.az-a danışan ekoloq Qorxmaz İbrahimli bildirdi ki, yanğın ekosistemi təhdid edən ciddi ekoloji bir böhrana çevrilib.
Onun sözlərinə görə, ABŞ-nin Los-Anceles şəhərindəki yanğınlar heyrətamiz dərəcədə böyükdür:
"Amerikada fırtınalar olanda heç belə narahatlıq olmurdu. Amma bu yanğınlar çox böyük problemlərə yol açdı. Amerika Prezidenti bunu iqlim dəyişikliklərinə bağlayır. Bundan başqa kənar qalaktikalardan gələn qüvvələrin yandırdığını deyənlər, "Allah bunları cəzalandırdı" deyənlər, "qəsdən edilib" deyənlər var. Yəni bu, artıq əslində bir piar mövzusu olub. Təbii ki, burada iqlim dəyişiklikləri, küləyin təsiri də çoxdur. Burada biz gördük ki, Amerika Birləşmiş Ştatlarının yanğınsöndürmə qurumlarında axsama var, operativlik olmadı, daha da böyüdü. Ən aşağı dəyəri 10 milyon dollar olan böyük saraylar, villalar yandı, insanlar həyatlarını itirdilər, müxtəlif növ canlılar tələf oldu. İndi ordan çıxacaq virus söhbəti yenidən yayılmağa başlayıb. Mən hesab edirəm ki, bunların hamısı insanları qorxu altında saxlamaq üçündür".
Ekoloq bu hadisələrin yalnız təbii fəlakətlərin göstəricisi olmadığını, eyni zamanda iqlim dəyişikliyinin sürətlənməsinə və təbiətə ciddi təsir göstərməsinə səbəb olan faktorlardan biri olduğunu vurğuladı.
"Əsas məsələ odur ki, bu yanğınlar nəticəsində təbiətə çox böyük zərər dəydi, ekosistemlər, bitki aləmi məhv oldu. Bu, ən çox öz iqlimərinə ciddi təsir edəcək. Yanğınların nəticəsində yaranan karbon dioksid emissiyaları atmosferə daha çox zərər vurduğuna görə, bu hadisə gələcəkdə daha geniş və uzun müddətli ekoloji fəlakətlərə yol açacaq. Ekosistemin, mikro aləmin bərpası olduqca böyük vaxt aparacaq. Hər halda dünyada baş verən böyük faciələrdən biri də budur. Bunların hamısı təbiət hadisələridir, iqlim dəyişiklikləri ilə əlaqəsi var. Eyni zamanda bunların özü iqlim dəyişikliyinə səbəbiyyət verən hadisələrdir", - deyə Q.İbrahimli bildirdi.
Türkan İSGƏNDƏRLİ