"ABŞ yardımları dayandıracaq, bu da Ukraynanın yeni ərazilərinin işğalına səbəb ola bilər"
Bu il ərzində Ukraynada prezident və parlament seçkilərinin keçiriləcəyi gözlənilir. Ölkənin hazırkı Prezidenti Volodimir Zelenski yenidən seçkilərə namizəd olacağını bildirib.
Bəs Ukrayna seçkiləri baş tutarsa, Zelenski yenidən prezident ola bilər?
Məsələ ilə əlaqədar Redaktor.az-a danışan politoloq Abutalıb Səmədov bildirdi ki, Ukrayna dövlətinin maraqları baxımından Zelenski prezident seçilməməlidir:
"Hesab edirəm ki, siyasətdən uzaq bir adam Ukraynaya kifayət qədər fəlakətlər yaşatdı və əgər davam eləsə, vəziyyət bir az da ağırlaşacaq. Bu gün Ukrayna ərazisinin dörddə birinə yaxını Rusiyanın nəzarətindədir. Amerika Birləşmiş Ştatlarının yeni prezidenti müharibənin başlanmasında Rusiyanı deyil, Amerika Birləşmiş Ştatlarını və dolayısı ilə Zelenskini günahlandırır. Çünki ABŞ-ni Ukraynadan, Ukraynanı ABŞ-dən ayırmaq qeyri-mümkündür. Dünyanın əksər yerində ümumiyyətlə bu müharibəni fəkalət müharibəsi adlandırırlar. Yəni ABŞ Ukraynanın vasitəsilə Rusiya ilə müharibə edir. Çox təəssüf ki, Tramp Putinə haqq qazandırır. Eyni zamanda, verdiyi bəyanatlar da onu göstərir ki, onun Putindən elə bir ciddi fərqi yoxdur və indi Ukrayna xalqı ümid edir ki, ABŞ müharibəyə son qoya və ədalətli sülhə nail ola bilər. Ancaq belə bir şey qeyri-mümkündür".
Politoloq əlavə etdi ki, bu münaqişədə ABŞ-nin yeni seçilən prezidenti Donald Tramp Rusiyanı dəstəkləyir və gələcəkdə Ukraynaya yardımları dayandıracaq:
"Trampın bəyanatları göstərir ki, o, daha çox Ukraynaya təzyiq göstərməklə sülhə nail olacağını güman edir və belə bir sülhü Zelenski imzalamaz. Çünki müharibədən əvvəl Ukrayna və Rusiyaya təklif olundu ki, Ukrayna neytrallığı götürsün, neytral olsun. Ukrayna tərkibində Donetsk və Luqanska xüsusi status versin. Ukrayna yalnız Krımı itirirdisə, indi əlavə dörd vilayəti də tamamilə itirmək üzrədir, bu Zelenskinin fəaliyyəti nəticəsində olub və onun sülhə imza atması qeyri-mümkündür. ABŞ yardımları da dayandıracaq. Bu da gözlənilən bir hadisədir. Bu da Ukraynanın yeni ərazilərinin işğalına gətirib çıxara bilər. Ona görə yaxşı olardı ki, prezident seçkilərində başqa bir namizəd seçilsin və o Ukraynanı bu fəlakətdən çıxartmağın yollarını axtarsın və yeri gələndə cəsarətli addımlar atmaqdan da çəkinməsin. Hərçənd ki, bu cəsarətli addımlar Ukraynaya yaxşı heç nə vəd eləmir. Hər adamı dövlət başına gətirmək olmaz. Dövlətə ağlı, savadı, təcrübəsi və ən əsası, müdrikliyi olan insanlar rəhbərlik etməlidir. Britaniyada səfir olan general Valeri Zalujni seçkilərdə iştirak edərsə, qalib gələ bilər".
Türkan İSGƏNDƏRLİ